Çindən “Taliban”a “YAŞIL İŞIQ”: Bunu edən ilk ölkə oldu
Çin “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstana səfir təyin edən ilk ölkə olub.
Sfera.az bildirir ki, “Taliban” müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axund paytaxt Kabildəki Prezident sarayında keçirilən mərasimdə Çin səfiri Zhao Xingin etimad məktubunu qəbul edib.
Tədbirdə çıxış edən Zhao Əfqanıstana səfir təyin olunmasından məmnunluğunu ifadə edib və Çin Sədri Si Cinpinin salamlarını çatdırıb. Rəsmi Pekinin Əfqanıstanın qonşusu olduğunu, ölkənin müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirən yeni səfir Çin rəhbərliyinin Əfqanıstanın daxili işlərinə qarışmaq niyyətinin olmadığını vurğulayıb.
O həmçinin, son iki ildə iki ölkə arasında korrupsiya, cinayət və narkomaniya ilə mübarizə, o cümlədən iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıqda böyük irəliləyiş əldə olunduğunu söyləyib. Hökumətin sözçüsü Zabihullah Mücahid isə Çinin yeni səfir təyin etməklə “Taliban” hökumətinin rəsmi tanınması istiqamətində mühüm addım atdığını bildirib.
Xatırladaq ki, ABŞ-nin rəhbərlik etdiyi NATO qüvvələri 2021-ci ilin avqustunda Əfqanıstandan çıxdıqdan sonra bütün gözlər Çinin Əfqanıstandakı investisiyalarının həcminə çevrilib. “Taliban” hökumətini rəsmən tanımasa da, Çin rəhbərliyi Əfqanıstanda neft və digər mədənlərin istismarı ilə bağlı yanvarın 5-də saziş imzalayıb. Sazişə əsasən, “Taliban” müvəqqəti hökuməti ilə Çin şirkəti (CAPEIC) ölkənin şimalında Amu çayı ətrafında neft axtaracaq.
Türkan