"Azərreyl”in haqsız yerə işdən çıxarılan mətbuat katibi: "Həmin post boşdur, məni geri çağırmaq üçün nəyi gözləyirlər?" + FOTO

“Azərreyl” voleybol klubunun mətbuat katibi Təranə Cəfərova və klubun bir neçə əməkdaşı bu ilin may ayında tutduqları vəzifələrdən azad ediliblər. Uzun müddət mətbuat katibi vəzifəsində çalışan T.Cəfərova Sfera.az-a açıqlamasında bildirib ki, o və digər əməkdaşlar heç bir səbəb göstərilmədən, haqsız yerə işdən çıxarılıblar.

 

T.Cəfərova klubun mətbuat katibi vəzifəsində 2017-ci ilin aprel ayından 2023-cü ilin may ayına qədər çalışıb.


 
Onun verdiyi məlumata əsasən, 2023-cü ilin aprelində Azərbaycan Voleybol Federasiyasının prezidentinin dəyişməsi onun kimi bir çox insanın “Azərreyl” klubunda işini itirməsinə səbəb olub:


 
“Bu ilin aprelində Dövlət Gömrük Komitəsinin sədri, genaral-polkovnik Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi. Ölkə çempionatı aprelin sonunda bitdikdən sonra mayın 3-də “Murov” voleybol klubunun, mayın 5-də isə “Azərreyl” voleybol klubunun prezidentləri bizə bildirdi ki, Ş.Bağırovun göstərişinə əsasən hər kəs müqavilənin yenilənməsi ilə bağlı sənədlərə qol çəkilməlidir. Sənədə qol çəkilməsinin nəyə görə tələb edildiyini soruşduqda bizə bildirildi ki, bu, adi qaydadır və əmək müqaviləsi yenilənir. Bu səbəbdən hər kəs, o cümlədən mən də mayın 12-də əmək müqaviləsinin yenilənməsi ilə bağlı yeni sənədə qol çəkmişəm. 

 

Daha sonra klubumuza Akif adında sponsor gəldi və bizimlə tanış oldu. O bildirdi ki, mayın 20-dən sonra hər kəs yenidən işə götürülməsi üçün yoxlanışa dəvət olunacaq. Amma sonradan mən gördüm ki, “Azərreyl” komandasının meneceri, mühasibi və insan resursları üzrə mütəxəsisi (HR) işdə saxlanılıb”. 

 

T.Cəfərova işçilərin hamısının işdən azad edilmədiyini gördükdə səlahiyyətli şəxslərlə görüşüb, vəzifəsinə bərpa edilməsini istəyib:


“Mən iyunun 6-da federasiyanın baş katibi Faiq Orucovun qəbulunda oldum. Baş katib mənə yenidən işə götürüləcəyimi, amma bunun 1-2 aydan tez olmayacağını dedi. O, bu qərarın rəhbərlik tərəfindən verildiyini də söylədi.

 

Onun sözlərinə görə, işimə tezliklə bərpa edilməməyimin səbəbi çıxarılan işçilər arasında ajiotajın yaranmamasıdır. Soruşanda ki, bəs niyə mühasibi, meneceri və HR-ı (eyçar) işdə saxlamısınız, baş katib bu sualıma cavab verə bilmədi. 

 

Mən də bundan sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun qəbuluna üz tutdum. Sədr məsələdən ümumiyyətlə xəbərdar olmadığını, bu haqda birinci dəfə eşitdiyini dedi. Bununla belə Ş.Bağırov mənim yenidən işimə bərpa edilməyimlə bağlı tapşırıq verəcəyini söylədi. Amma həmin görüşdən keçən müddətdə mənə heç bir yerdən müsbət və ya mənfi cavab verilməyib”. 

 

Qeyd edək ki, T.Cəfərova üzləşdikləri haqsızlığı ictimailəşdirdikdən sonra “Azərreyl” klubunun prezidenti Orxan Kərimov və Federasiyasının baş katibi Faiq Orucov açıqlama verib. T.Cəfərova həmin şəxslərin açıqlamalarında vurğuladıqları məqamlarla razılaşmır:
 

“O.Kərimov deyir ki, mən apreldən işdən çıxmışam, amma o, iyunda işə başlayıb. Əslində mən mayın 12-i işdən azad edilmişəm. O, açıqlamasında komanda yığdığını, bu səbəbdən mətbuat katibi vəzifəsinin boş qaldığını deyib. Halbuki, mən Orxan Kərimovla 10 iyul tarixində görüşmüşəm və o zaman komanda yığılırdı.

 
Orxan Kərimovdan "bəs sizə inzibati heyət nə vaxt lazım olacaq?" soruşanda,  o, mənə vaxtı dəqiq bilmədiyini, mövsüm başlayanda (sentyabr) ilk olaraq köhnə işçiləri çağıracağını bildirdi.
Komanda artıq formalaşdırılıb və komanda üzvlərinin sosial media üzərindən təqdimatı edilir. Jurnalistlər mənə müraciət edir ki, üzvlərin paylaşımı var, amma heç bir açıqlama ala bilmirlər. Hələ də mətbuat katibi postu boşdur və bilmirəm ki, məni işə çağırmaq üçün nəyi gözləyirlər. 

 

Eyni zamanda mən görüşdüyüm rəhbərlərə bildirdim ki, “Azerreyl Voleybol Klubu”nun “altyapı” komandaları, çimərlik voleybolu fəaliyyətini davam etdirir. Eyni zamanda qadınlardan ibarət komanda “Çağırış kuboku”nda çıxış edəcək. Bütün bunlar ictimaiyyətə, voleybolsevərlərə çatdırılmalıdır. Amma hələ də mətbuat katibi işinin başında deyil".
 

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov isə mətbuata açıqlamasında deyib ki, məsələ klubun daxili işidir:
 

"Biz onlara müdaxilə etmirik. Federasiyadan maliyyələşən klublar var. Hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilə sona çatdırılır və növbəti mövsüm yenisi bağlanır. Artıq "Azərreyl”də yeni rəhbər var. Heyəti o müəyyənləşdirəcək. Təranə xanım AVF prezidenti Şahin Bağırovun qəbulunda olub. Şahin müəllim də ona bildirib ki, məsələ araşdırılacaq. Araşdırıb məlumat vermişik. Yenə deyirəm ki, peşəkar olaraq klubların daxili işlərinə qarışa bilmirik. Klub rəhbərliyi özü hər kəslə görüşəcək”.
 

"Azərbaycan Voleybol Federasiyası bu “peşəkarlığı” klublardan insanları kobud şəkildə qanunları pozaraq işdən azad edərkən niyə nümayiş etdirmədi? Mən 6 ildir “Azerreyl Voleybol Klubu” nda mətbuat məslələri üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm. Heçvaxt mövsüm yekunlaşdıqda işdən azad olma halı ilə rastlaşmamışam. Bu, komandanın heyətinə aiddir. İdarə heyəti işdən azad olunmayıb. Ən azından mənim təcrübəmdə bu yoxdur.
 

Araşdırma aparılıbsa nəticəsi olmalıdır. Və mənə araşdırmanın nəticəsilə bağlı heç bir məlumat verilməyib.
 

Mənim insan resursları mütəxəsisi ilə yazışmam var. Onun skan edilən sürətini təqdim edəcəm. O yazışmalarda HR-ın dediklərindən anlaşılır ki, işdən azadedilmə tələbi federasiyadan gəlib” - sabiq mətbuat katibi bildirdi.
 

T.Cəfərova ona qarşı edilən haqsızlığın aradan qaldırılmasını və yenidən işinə bərpa edilməsini istəyir.


Vasif


OXŞAR XƏBƏRLƏR

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbə...

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişəcək - XİN

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində ...

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...