Gözlənilən “payız bahalaşması”nın iqtisadi əsasları varmı? – Ekspertdən AÇIQLAMA

Gözlənilən “payız bahalaşması”nın iqtisadi əsasları varmı? – Ekspertdən AÇIQLAMA

Payız fəslində ərzaq məhsullarındakı bahalaşmanın davam edəcəyi ilə bağlı prqoqnozlar səsləndirilir. Qiymət artımının xüsusilə mövsümi meyvələrdə müşahidə ediləcəyi bildirilir. Buna səbəb kimi isə məhsuldarlıq, idxal-ixrac problemlərinin olması göstərilir.

 

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ərzaq məhsullarında ciddi bahalaşmaya zəmin olmadığını bildirib. Müsahibimizin sözlərinə görə, dünyada gedən proseslər nəzərə alınmaqla qiymət dəyişikliyinə gedilir:

 

“Təəssüflər olsun ki, son vaxtlar bir sıra ekspertlər ”nostradamusluq”la məşğuldurlar. Sanki fala baxırlar. Bu proqnozların iqtisadi əsaslandırılması varmı? Əlbəttə, mövsümdə bəzi məhsullar bol olanda, bazara çox çıxarılanda qiymətlər enir. Bu, təbiidir, bazarın qaydası belədir. Mövsümdən sonra isə məhsul bir müddət saxlandığı üçün onun maya dəyəri artır və bazara fərqli qiymətlə çıxarılır. Bu da təbiidir. Amma gəlin görək, Azərbaycanda kəskin qiymət artımının baş verməsi üçün hansısa şərtlər mövcuddurmu? Əlbəttə, istehsalın azalması, yəni təklifin azalmasına gətirib çıxarır, bu da bəzi məhsulların qiymətinin artımına səbəb olur. Amma burada biz alıcılıq qabiliyyətini, həmin məhsulların digər ölkələrdən idxalını da nəzərə almalıyıq. Bəzi məhsulların demək olar ki, istehsalı artıq dayanıb və anbarlara yığılıb. Bir müddətdən sonra həmin məhsullar bazara çıxarılacaq. Amma bəzi məhsullar hələ istehsal olunur, bazara çıxarılır.

 

Elə məhsullar var ki, sentyabr, oktyabr aylarında, hətta dekabr ayında ildə iki dəfə istehsal olunur. Yəni təsərrüfatçılar bəzən ildə iki dəfə kartof əkini ilə məşğul olur, ildə iki dəfə kələm yetişdirirlər. Yəni bu məhsullar hələ bir müddət davamlı olaraq, təzə məhsul kimi bazara çıxarılacaq. Onu da nəzərə alaq ki, bəzi məhsulları biz digər ölkələrdən idxal edirik. Digər ölkələrdə istehsalın həcmi həmin ölkələrin özlərini təmin edəcək səviyyədədir, yoxsa orada da təklif azalıbmı, bu bilinmir. Yəni bütün bunların hamısı ölçülüb biçilməlidir, sonra qiymət artımı ilə bağlı fikir söylənilə bilər. Ümumi tərəvəz məhsullarının qiymətində nisbətən artım ola bilər. Nisbətən qiymət artımı mövsümi meyvələrdə də ola bilər ki, bu da bütün ölkələrdə müşahidə edilir”.

 

Ekspert qiymət artımı ilə bağlı xəbərlərin yayılmasının bəzi işbazlar üçün sərfəli olduğunu deyib. Mütəxəssis bildirib ki, mətbuatda bahalaşma ilə bağlı yazıların yayımlanması inhisarçı məmurlara qiymət artımı üçün əsas verir:

 

“Əhalinin ümumi alıcılıq qabiliyyətini götürəndə Azərbaycanda qiymət artımı üçün iqtisadi əsasların olmadığını görürük. Yəni əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Son illərdə də əhali əldə olunan vəsaitin daha çox hissəsini ərzaq məhsulları üçün xərcləyir. Əgər əvvəl bu göstərici 46 faiz idisə, indi 50-53 faiz olub. Digər tərəfdən, biz baxırıq ki, əsas ərzaq məhsulları ucuzlaşır. Deməli, dünyada üç-dörd faiz arasında ucuzlaşma baş verib. Mən bunu FAO-nun son açıqlamasına əsasən deyirəm. Azərbaycanda isə təəssüflər olsun ki, bu azalma əhəmiyyətli şəkildə deyil. Amma dediyim kimi, dünya bazarında ət, süd, buğdanın qiymətində azalma baş verib. Buğdanın qiymətində azalma baş verir ki, bu da çörək məhsullarının qiymətində azalma deməkdir. Eləcə də bitki yağlarının qiymətində ciddi azalma baş verib.

 

Əksər ölkələr son vaxtlar kənd təsərrüfatı məhsullarının istehsalına ciddi önəm verir, yaxşı nəticə əldə edirlər, məhsuldarlığı artırırlar, məhsulun keyfiyyətini yaxşılaşdırırlar. Yəni dünya bazarında qiymətin enməsi elə-belədən baş vermir. Dünən araşdırma apardım, həqiqətən də əksər ölkələr bu gün ticarət üçün, yeni ixrac üçün daha çox məhsul istehsal edir, dünya bazarına daha çox məhsul çıxarırlar. Elə bu səbəbdən də dünya bazarında ərzaq məhsullarının qiymətində enmə müşahidə olunur. Bütün bunların hamısı tərəziyə qoyulmalıdır. Ümumilikdə isə biz bəzi məhsulların idxalı məşğul olan inhisarçılara, oliqarx məmurlara əsas verməməliyik. Hansısa ekspertlər bir fikir formalaşdırsa ki, yaxın zamanlarda bu məhsulların qiyməti artacaq, o zaman onlar da anbarlarda saxladıqları məhsulları daha baha qiymətə təklif edəcəklər. Sonradan da əsaslandıracaqlar ki, artıq bununla bağlı mətbuatda da geniş məlumat getmişdi”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasının Rusiya hava məkanında baş verdiyinə görə Prezident İlham Əliyevdən üzr istəyib.   Sfera.az xəbər v...

Qış aylarında kondisionerdən istifadə edənlərin NƏZƏRİNƏ!

Qış aylarında kondisionerdən istifadə evlərin və ofislərin isinməsi üçün əlverişli bir seçim olsa da, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ekoloji ...

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...