Ən çox xərc tələb edən kənd təsərrüfatı məhsulları hansılardır? - RƏQƏMLƏR
Azərbaycanda ən çox xərc tələb edən kənd təsərrüfatı məhsullarının adları açıqlanıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, maya dəyəri ən yüksək olan bitkiçilik məhsulu tütün, yaşıl çay yarpağı və çəltikdir.
Bir sentner məhsulun yetişdirilməsi üçün çəkilən xərc tütündə 100 manat, çay yarpağında 97 manat, çəltikdə 88 manatdır.
Bu bitkiçilik məhsullarından başqa xam pambıq (73 manat), üzüm (53 manat), meyvə (48 manat) də maya dəyəri yüksək olan məhsullardandır.
Bitkiçilik məhsulları arasında ən az xərc tələb edən məhsullar isə şəkər çuğunduru və bostan məhsullarıdır. Şəkər çuğundurunun 100 kq-nın yetişdirilməsinə 3,9 manat, bostan məhsullarına isə 11 manat lazımdır.
Kartof (21 manat), açıq sahədə əkilən tərəvəzlər (21 manat) də çox pul tələb etmir.
Heyvandarlıq məhsullarına çəkilən xərclər də kəskin fərqlənir. Ən az pul aparan heyvandarlıq məhsulu süddür. Yüz kq südün istehsalına 48 manat pul xərclənir.
Ən çox xərc tələb edən heyvandarlıq məhsulu isə ətdir. İri-buynuzlu mal-qaranın 100 kq çəki artımı üçün 438 manat, qoyun-keçidə 343 manat tələb olunur.
Vasif