Düşmən Naxçıvanı niyə atəşə tutur? – Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən nəlumata görə, qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Erməistanın Naxçıvanı hədəf seçməsi nədən xəbər verir? Son günlər Ərdoğan-Paşinyan dialoqu ilə bağlı yayılan xəbərlər fonunda bu kimi təxribatların olması hansı anlama gəlir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Zahid Oruc Naxçıvana atılan hər bir güllənin diqqəti yayındırmaq məqsədi güddüyünü bildirib. Deputat ermənilərin regionda yaratdığı mövcud durumun Avropa Birliyi müşahidəçiləri tərəfindən Azərbaycanın əleyhinə istifadə edilə biləcəyini də qeyd edib:
“Son üç il ərzində bütün sərhəd boyu təxribatlar müxtəlif intensivliklə özünü göstərib. Təəssüflər olsun ki, iki bir-birinə paralel situasiyanın şahidi olduq. Azərbaycan prezidenti irəliyə sürdüyü sülh gündəliyi, müxtəlif paytaxtlarda aparılan danışıqlar, görüşlər və delimitasiya-demarkasiya üzrə müvafiq komissiyaların formalaşdırılması sübut edirdi ki, həqiqətən də İlham Əliyev Qafqazlara sülh gətirən lider kimi tarixdə əbədiyaşarlıq qazanmaqda israrlıdır. Lakin onunla yanaşı biz gördük ki, Fərrux ətrafında toqquşmalar baş verdi. Daha sonra biz Kəlbəcər istiqamətində və şərti sərhəddin digər hissələrində hərbçi itkiləri ilə müşayiət olunan lokal toqquşmalara şahidlik etdik. Lakin Naxçıvan bunların içərisində fərqli bir məna daşıyır və ora atılan hər bir güllə özlüyündə Azərbaycanın bütün qüvvələrini parçalamaq, diqqəti yayındırmaq üçündür. Naxçıvan Zəngəzur dəhlizinin açılışı üçün əsas ünvandır və bunun ətrafında müəyyən hərbi təhlükələr yaratmaqla qlobal diqqəti bu əraziyə yönəltmək, həm də İranın Naxçıvanla sərhəd olması fonunda sanki bu gərginlikdə başqa dövlətlərin də maraqlı olduğunu göstərmək istəyirlər. Baxmayaraq ki, orada Azərbaycanın hərbi qüvvələrinin çox güclü, monolit olduğunu düşmən tərəfi də bilir.
Avropa Birliyinin yüzə qədər müşahidə missiyası təmsilçiləri, onların içərisində yer alan 50 jandarm heyəti hərbi toqquşma cəhdlərini qeydə almalı və müvafiq sənəd hazırlamalıdır. Əminəm ki, onlar erməni tərəfdən olan belə təxribatları qeydə almırlar. Onlar daha çox Azərbaycan əleyhinə sənədlər memorandumlar, qətnamələr, qərarlar üçün zəmin hazırlayırlar ki, sonda ATƏT-də müvafiq müzakirələrə səbəb yaratsınlar. Ardınca onu BMT-yə çıxarmağa çalışacaqlar”.
Millət vəkili Naxçıvanın hədəf seçilməsində Türkiyə faktorundan da söz açıb. Parlamentarinin sözlərinə görə, erməni tərəfi Azərbaycan-Türkiyə birliyinin gücündən xəbərdardır:
“İndiki halda şübhəsiz ki, Naxçıvan üçün müəyyən hərbi təhlükələr halında Türkiyənin proseslərə müdaxilə edəcəyi təqdirdə bölgədə bir qədər beynəlmiləl toqquşmalar meydana çıxa bilər ehtimalı ilə müxtəlif ssenarilər də tətbiq oluna bilər. Ancaq mən istəyirəm ki, bizim ərazilərimiz kimi, düşüncələrimiz, təfəkkürümüz, strateji baxışlarımız da işğaldan azad olunsun. Bu, obrazlı bir sözdür. Yəni bu proseslər üçüncü, beşinci dövlətlərin iradəsində və diqtəsində deyil. Bu gün əsas qərarları verən Azərbaycandır. Prezident İlham Əliyevin addım-addım, hədəfə doğru gedən mühüm strateji planları, proqramları var.
2020-ci il 10 noyabrdan sonra üç rayonun, ardınca Laçın yolu ətrafındakı kəndlərin azad edilməsi, dinc siyasi mübarizələrin, ən sonda Laçın sərhədindəki bizim müstəqilliyimizi ehtiva edən nəzarət istehkamlarının qurulması ilə düşmən qüvvələr dərk edir ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı, heç şübhəsiz ki, nəinki Naxçıvan, bütövlükdə Azərbaycan və bölgə üçün təhlükəsizlik baxışıdır. Bu iki dövlətin gücü daha böyük məsələlər üzrə təsirlidir, önəmlidir”.
Əzizə Zeynal