BMT-nin İrana tətbiq etdiyi silah embarqosunun qüvvədən düşməsi nə vəd edir? - Açıqlama

BMT-nin İrana tətbiq etdiyi silah embarqosunun qüvvədən düşməsi nə vəd edir? - Açıqlama

İsrail müasir Rusiya silahlarının İrana tədarükünün təhlükəsizliklərinə təhdid yarada biləcəyini bildirib. İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea Reyxman 2023-cü ilin oktyabrından BMT tərəfindən Tehrana tətbiq edilən silah embarqosunun müddətinin başa çatdığına görə İranın beynəlxalq silah bazarına çıxışının asanlaşacağını deyib.

 

Maraqlıdır, sözügedən embarqonun aradan qalxması İsrail, eləcə də dünya ölkələri üçün nə kimi təhükə vəd edir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri İsrailin narahatlığının əsaslı olduğunu deyib. Ekspert İranın yeni qərardan sonra terroru daha rahat şəkildə maliyyələşdirəcəyini bildirib:

 

“Rəsmi Tehran güc dilindən anlayan bir rejimdir və hər kəslə güc dilində danışmağa üstünlük verir. Bu baxımdan problemlər həm region dövlətləri, həm də İranla qonşu olan ölkələrlə, İranın özünə düşmən saydığı dövlətlərlə qalmaqda davam edir və düşünürəm ki, hələ davam edəcək. Çünki bu rejim təkcə hansısa düşmən ölkələr, qonşu ölkələr üçün düşmənçilik etmir, mövcud rejim öz daxilindəki rəqiblər və xalqlarla da düşmənçilik edir. Bilirsiniz ki, hər gün İranda edamlar həyata keçirilir və bu edamların böyük əksəriyyəti ciddi dəlillər olmadan, sadəcə olaraq, kiminsə zənninə və ya maraqlarına uyğun həyata keçirilir. Etiraz mitinqləri zamanı bütün dünya müşahidə etdi ki, İranın mövcud rejimi öz xalqına qarşı çox rahatlıqla silah işlədə, insanları qətlə yetirə bilər. Onlar hətta uşaqları, məktəbliləri, qadınları, qocaları belə, çox rahatlıqla öldürə bilirlər. Yəni öz xalqına qarşı bu cür qətllər həyata keçirən bir rejim bütün dünya üçün nə vəd edə bilər? Ona görə də silah embarqosunun qalxması müəyyən mənada İranın əl-qolunu açacaq. Bu gün İranın bəzi istəklərini həyata keçirmək üçün maliyyə imkanları çatışmır və İranın milyardlarla dondurulmuş vəsaitləri var ki, bu vəsaitlərin donu açılmış olsa, heç də bu vəsaitləri xalqın rifahı üçün istifadə etməyəcəklər. Yenə də terroru maliyyələşdirməyə davam edəcəklər, necə ki, bunu Suriyada və digər bölgələrdə həyata keçirirlər. Ona görə İsrail həyəcan təbili çalır ki, bu, İranın imkanlarını artıra bilər. Paralel olaraq bir də bu embarqonun vaxtının bitməsi elə bir mərhələyə düşür ki, İran bu gün Ukrayna-Rusiya müharibəsində Rusiyaya silah verə biləcək yeganə ölkədir”.

 

Politoloq İranın yeni silahlar əldə etməsinin, eləcə də ona qarşı olan embarqonun aradan qalxmasının Azərbaycan üçün də təhlükə vəd etdiyini vurğulayıb:

 

“İran Rusiyaya yaxın və orta mənzilli raketlərin verilməsinə hazırlaşır və bu yöndə konkret kəşfiyyat informasiyalarının olduğu iddia edilir. Yəni İran Rusiyanı kamikadze və digər dronlarla təmin etməklə yanaşı, raket sistemləri də verməyə çalışır və bunlar əvəzsiz deyil. Bunun qarşılığında Rusiyadan yeni, daha müasir və strateji silahların alınması ilə bağlı vədin olması görünür. Bu cür silahların alınması ilə İran perspektivdə bu silahları öyrənərək öz daxilində istehsal etməklə yenə də bütün dünyaya təhlükə saçmağa davam edəcək. Ona görə İsrail həyəcan təbili çalır. Çünki bu təhlükə təkcə İsrail üçün deyil. Guya qonşu dövlətlərlə sülh şəraitində yaşamağı özləri üçün xarici siyasətin prioriteti elan etsələr də, bu gün İranın düşmən münasibətdə olduğu ölkələrin hamısı müsəlman ölkələridir. Ona görə İranın bu cür bəyanatlarına, açıqlamalarına inanmaq lazım deyil. İranın xarici siyasəti, bütövlükdə siyasəti yalan üzərində qurulub.

 

Yəni onlar bir şey deyə bilərlər, amma tamamilə fərqli fəaliyyət ortaya qoyurlar və bu da böyük təhlükədən xəbər verir, eyni zamanda, bu, Azərbaycan üçün də böyük təhlükə vəd edir. Ona görə də düşünürəm ki, qlobal səviyyədə, hətta BMT səviyyəsində qoyulan embarqonun vaxtı qurtarmış olsa da, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi kimi qlobal güclərin tətbiq etdiyi sanksiyalar davam edəcək. Çünki hələ də İran təhlükə olmağa davam edir. O ki qaldı konkret BMT-dəki qətnamənin, daha doğrusu embarqo qərarının vaxtının uzadılmasına, düşünürəm, yəqin ki, bunu etmək mümkün olmayacaq, çünki BMT-nin Təhlükəsizlik Şurasının daimi beş daimi üzvü içərisində Çin və Rusiya kimi İranı dəstəkləyəcək və qərarlara veto qoyacaq dövlətlər var. Yəni qərarın vaxtının uzadılması, embarqo qərarının qəbul olunması mümkün olmayacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR