"Yalnız bu halda Azərbaycan-Ermənistan sərhədində gərginlik baş verməyəcək" - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan təcili şəkildə Azərbaycan Prezidenti İlham Əliyevlə danışmaq istədiyini bildirib. Eyni zamanda, o, belə bir görüntü yaratmağa çalışıb ki, guya, Ermənistan Azərbaycanla danışıq aparmağa çalışır, amma Azərbaycan buna imkan yaratmır. 

 

Əliyev-Paşinyan danışığı baş tutarsa, bu, sərhəddəki vəziyyətə necə təsir edəcək?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan öz təxribatlarından əl çəkməyənə qədər danışıqların nəticəsinin olması real deyil:

 

“Ermənistanın Baş naziri Nikol Paşinyan təcili şəkildə Azərbaycan prezidenti İlham Əliyevlə görüşə ehtiyac duyursa, təxribatçı siyasətindən əl çəkməlidir. O sərhədə yığdığı birlikləri geri çağırmalı və Azərbaycanın daxili işlərinə qarışmaqdan imtina etməlidir.  Bir tərəfdən deyirdi ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır, amma digər tərəfdən belə bir sazişə imza atmaqdan çəkinir.

 

Bununla yanaşı, Azərbaycanın daxili işlərinə qarışır, Qarabağa status, seperatçı danışıqların neytral zonada beynəlxalq mexanizmlər çərçivəsində aparılmasını tələb edir. Laçın yolunda yükləri yığıb orada 1 aydan çox gözlətmək özü də Azərbaycana qarşı böyük bir təxribatdır”.

 


Politoloq qeyd edib ki, yalnız Ermənistan bəzi addımları atacağı təqdirdə gərginlik baş verməyə bilər:

 

“Əslində, Ermənistandan tələb olunan o seperatçılara anlatmasıdır ki, rəsmi Bakı ilə dialoqlara başlanılmalı və buna paralel olaraq da Ağdam-Xankəndi və Laçın yolu açılmalıdır. Əgər bu addımlar atılacaqsa, gərginlik baş verməyə də bilər.


    
Ermənistan bu təxribatlarından əl çəkməyənə qədər danışıqlardan da real nəticə gözləmək əbəsdir. Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmasına mane olmamalıdır ki, bu da bizim şərtlərdən biridir”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR