“Rusiya Paşinyanı bağışlamayacaq, ilk fürsətdəcə...” – Deputatdan AÇIQLAMA

“Rusiya Paşinyanı bağışlamayacaq, ilk fürsətdəcə...” – Deputatdan AÇIQLAMA

Sentyabrın 11-dən 20-nə qədər Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının tədris mərkəzinin bazasında ABŞ-la Ermənistanın birgə hərbi təlimi baş tutacaq.

 

Bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

 

Sözügedən təlimin isə Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edəcəyi bildirilir.

 

Eyni zamanda, ABŞ-la Ermənistan arasında belə bir təlimin olmasının Azərbaycan-ABŞ münasibətlərinə də təsirsiz ötüşməyəcəyi şübhəsizdir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Naqif Həmzəyev bəzi ölkələrin Ermənistanı yeni müharibəyə hazırladığını deyib:

 

“44 günlük Vətən müharibəsi bitdikdən sonra Ermənistan davamlı sülhün həlli yollarını uzatdı. Ermənistan sülh danışıqlarında səmimi olmadı və üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Onlar müxtəlif təxribatlar törədərək sülh prosesinə kölgə salır və faktiki olaraq zaman qazanır. Bizi ən çox narahat edən məsələ isə Ermənistanın bu müddət ərzində öz havadarlarının dəstəyi ilə yenidən silahlanmaya böyük vəsaitlər xərcləməsidir. Bəzən isə bu silahlar ona hədiyyə olaraq göndərilir. Ermənistan əsas müttəfiqi sayılan Rusiyadan yox, başqa yerlərdən özünə dəstək tapa bilib və erməni diasporunun da birbaşa iştirakı, köməkliyi ilə bu qüvvələr Ermənistanı yeni müharibəyə hazırlayırlar. Bu da istər-istəməz region üçün yeni təhdid və yeni problemlər vəd edir. ABŞ və Ermənistanın birgə təlimlər keçirməsi ilk növbədə Ermənistan-Rusiya münasibətlərində böyük problem yaradacaq. Burada ABŞ-nin əsas hədəfi Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmaqdır. Bu baxımdan  Ermənistana öz dəstəyini göstərməyə başlayıb”.

 

Deputat Ermənistanın silahlanmasından danışaraq prosesin yeni toqquşmalara gətirib çıxaracağını deyib. Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya hökuməti tərəfindən cəzalandırılacağını da sözlərinə əlavə edib:

 

“Azərbaycanın mütəmadi olaraq Türkiyə ilə birlikdə NATO təlimlərində yaxından iştirak etməsi, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanı da vadar edib ki, onlar buna bənzər təlimlərdə iştirak etsinlər. Ancaq açıq deyək ki, Ermənistan ordusu müxtəlif formatlarda təlimlərə qoşulsa və 10 il dayanmadan silahlansa da, Azərbaycan ordusunun hərbi potensialına çata bilməyəcək.  Qərb dairələri, ABŞ və Avropa dövlətləri anlamalıdırlar ki, Ermənistanı silahlandırmaqla, onlara hərbi dəstək göstərməklə Ermənistanı daha da çətin vəziyyətə salırlar. Çünki Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın bu regionda güclü dövlətə çevrilməsi mümkün deyil. Digər tərəfdən, hərbi təlimlər vasitəsilə Ermənistana dəstək verməklə Rusiyanı Cənubi Qafqazdan, xüsusilə də Ermənistandan çıxarmaq real görünmür. Rusiya da Ermənistanın etdiklərini ona bağışlamayacaq və ilk fürsətdə Paşinyan hökuməti Rusiyaya arxa çevirdiyinə görə öz cəzasını alacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR