Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər – “Hökumətin iki yolu var...”
Azərbaycanda son illərdə bir neçə dəfə pensiyaya çıxma yaşı artırılıb.
Sfera.az xəbər verir ki, 2030-cü ildən sonra pensiya yaşının yenidən artırılması ehtimalı var.
Bunun əsas səbəbi əhalinin yaşlanması və pensiyaya çıxma yaşına çatan insanların sayının artmasıdır. Bu vəziyyət pensiyaların maliyyə təminatında çətinlik yaratmaqla yanaşı, pensiyaların artırılması imkanlarını da məhdudlaşdırır.
Azərbaycanda pensiya yaşının artırılması son illərdə daha sürətlə həyata keçirilib. Əvvəllər kişilər 60, qadınlar 55 yaşda pensiyaya çıxa bilirdisə, mərhələli artımlardan sonra hazırda kişilərin 65, qadınların 63,6 yaşda pensiyaya çıxmaq imkanı var. 2026-ci ilin iyulun 1-dən qadınlara da 65 yaşdan pensiyaya çıxmaq hüququ veriləcək.
Hökuməti pensiyaya çıxma yaşını daha çox artırmağa əhalinin yaşlanması vadar edib.
Bunu əhalinin yaş qrupları üzrə xüsusi çəkisində baş verən dəyişiklik də təsdiqləyir. 1995-ci ildə yaşı 55-dən (həmin dövrdə pensiyaya bu yaşdan sonra çıxılırdı – red.) yuxarı olan vətəndaşların əhali sayında xüsusi çəkisi 12,9 faiz olduğu halda, bu nisbət 2023-cü ilin əvvəlində 20,2 faizə yüksəlib. Mütləq ifadə ilə desək, 1995-ci ildə pensiya yaşına çatan və ya bu həddi keçən 983 min insan olduğu halda, 2023-cü ildə onların sayı 2,04 milyonu ötüb.
Deməli, pensiyaya çıxma yaşı zamanında artırılmasaydı, dövlət 2 milyondan çox insana yaşa görə ya pensiya, ya da müavinət verməliydi. Amma yaş həddinin artırılması hesabına hazırda təxminən 900 min insan yaşa görə pensiya və müavinət alır.
Son illərdə 65 və daha yuxarı yaşda olanların da sayı artır. On il əvvəl əhalinin 5,9 faizi 65 və daha yuxarı yaşda olanlardan ibarət olduğu halda, hazırda 8,5 faizi bu yaş qrupundadır. Başqa sözlə, 2013-cü ildə 554 min insanın yaşı 65 və yuxarı yaşda olmuşdusa, hazırda 859 min insan bu yaş qrupundadır.
Müqayisə göstərir ki, son 10 ildə yaşı 65 və yuxarı olan insanların sayı 305 min, yəni 55 faiz artıb.
Əhalinin mövcud yaşlanma dinamikasını nəzərə alsaq, 2033-cü ildə 65 və daha yuxarı yaşda olanların sayı 1,3 milyonu ötəcək və onlar əhali sayının 12-13 faizini təşkil edəcək.
Əlilliyə və ailə başçısını itirməyə görə pensiya çıxanları və müavinət alanları da nəzərə alsaq dövlət 2023-cu ildən sonra əhalinin 20 faizinə pensiya və müavinət verməli olacaq.
Yaşlı əhalinin yaratdığı yükdən xilas olmaq üçün hökumətin qarşısında iki yol var – ya pensiya çıxma yaşı yenidən artırılmalı, ya da həmin dövrə qədər məcburi dövlət sosial sığorta ödənişləri üzrə yığımlarda ciddi artım əldə edilməlidir.
Yığımlarda nəzərəçarpacaq artımı təmin etmək üçün kölgə iqtisadiyyatının miqyası kiçildilməli, muzdlu işçilərin sayı xeyli artırılmalıdır.
Hazırda 1 pensiyaçıya 1,56 muzdlu işçi düşür. Dünyanın inkişaf etmiş ölkələrində 1 pensiyaçı olduğu halda 2-3 işləyən olur. Təcrübə göstərir ki, muzdlu işçilərin sayı pensiyaçıların sayından daha çox oluqda pensiya təminatında çətinlik olmur.
Azərbaycanda da son illərdə pensiyaçılarla işləyənlərin say nisbəti yaxşılaşıb. On il əvvəl bir pensiyaçıya 1,17 işləyən düşdüyü halda hazırda nisbət 1,6-ya çatıb. Əgər 2030-cu ildən sonrakı dövrə qədər işləyənlərin sayı daha çox artmasa, o zaman, pensiya yaşının yenidən artırılması qaçılmaz olacaq.
Vasif