Saxta “neqodnıy”lar azalacaq? – Çağırışçıların müayinəsi ƏƏSMN-ə tapşırıldı, nə dəyişəcək?
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bəs bu fərman nəyi dəyişəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib ki, fərmanın məqsədlərindən biri çağırış zamanı müəyyən qanuna zidd məqamların qarşısının alınmasıdır:
“Cənab prezident İlham Əliyevin verdiyi fəman müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsinə aiddir. Əsas məsələ ondan ibarətdir ki, əvvəl həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyasından keçirdi. Bundan sonra həmin vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmaması aydınlaşdırılırdı. Lakin müvafiq fərmanla həm də yekun tibbi müayinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Yəni çağırışçılar həm hərbi həkim komissiyası, həm də Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinələrindən keçəcəklər.
Bu, ondan ötrüdür ki, çağırışla bağlı müəyyən qanuna zidd məqamların qarşısı alınsın. Həqiqi hərbi xidmətə yararlı olan sağlam vətəndaşların yararsız adı ilə saxlanılması mümkün olmasın. Bu çox mühüm məsələdir. Burada həm dinc, həm də müharibə dövrü nəzərə alınır. Bu bir çox neqativ halların qarşısını alacaq”.
Hərbi ekspert Emin Həsənli də fərmanın çox faydalı olacağını düşünür:
“Digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də davamlı islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son fərmanı ilə hərbi çağırışa cəlb olunacaq gənclərin yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bilirsiniz ki, son dövrlər ƏƏSMN əlilliyin müəyyən edilməsi sahəsində xeyli işlər görüb. Digər təərfdən, səhiyyə sahəsində də islahatlar aparılıb. Qarşıya məqsəd qoyulub ki, TƏBİB ancaq müayinə və müalicə işləri ilə məşğul olsun. Digər işlərin ƏƏSMN-ə verilməsi çox məntiqli addımdır. Artıq orada müəyyən ediləcək ki, kimlərə əllilik satusu verilə bilər, kimlər həqiqi hərbi xidmətə yararsızdır. Eyni zamanda, bu vətəndaş məmnunluğu, işlərin sürətli aparılması və orada çalışan həkimlərin daha peşəkar olması baxımından vacib addımdır”.
Firuzə Əliyeva