“Makronun Bakıya gələcəyinə inanmıram, bu informasiyanı qəsdən yayıblar” - Deputat
Ötən gün Fransa Prezidenti Emmanuel Makronun gələn həftə Bakı və İrəvana səfər edəcəyi ilə bağlı xəbərlər yayıldı. Səfərin məqsədi və digər detallar isə açıqlanmadı.
Bu xəbər daha sonra təkzib olunsa da, Fransa prezidentinin yaxın günlərdə Azərbaycana səfəri ilə bağlı iddia yenə də aktuallığını qoruyur.
Maraqlıdır, yaxın günlərdə Makronun Bakı və İrəvana səfəri gözlənilirmi və bu səfərdə əsas məqsədlər nə ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Asim Mollazadə Fransaya vasitəçi tərəf kimi imkan yaradılmayacağını deyib. Parlamentari Makronun əsl niyyətinin fərqli olduğunu düşünür:
"Bu məlumatı Ermənistan informasiya mənbələri yaydı, daha sonra da təkzib etdilər. Bu, onların oyunudur. Artıq bizim öyrəşdiyimiz haldır ki, Ermənistan mediası hansısa yanlış məlumatı yazır, ajiotaj yaradır, daha sonra da təkzib edir. Makronun Azərbaycana səfərinin reallaşacağını düşünmürəm. Biz vasitəçi tərəf kimi Fransaya şans verməyəcəyik, rəsmi Paris bu şansı itirib. Çünki Makron müharibənin həllinə yox, onun yenidən canlanmasına çalışır".
Millət vəkili səfərlə bağlı iddianın ortaya atılmasının arxasında xüsusi məqsədin dayandığını hesab edir:
"Ermənistan KİV-nin yaydığı məlumatlar daha çox daxili auditoriyaya ünvanlanıb. Ermənistanın daxilində bir sıra qüvvələr var ki, hakimiyyəti ələ keçirmək üçün zorakılığa əl atmağa, Qarabağdakı erməni əhalisini qurban verməyə hazırlaşır. Bu kimi kəskin vəziyyət yaratmaq niyyətində olan tərəflərin danışıqlar yolu ilə nə isə həll etməyə çalışmaq istədiyinə, uğurlu vasitəçi tərəf axtarmaq niyyətində olduğuna ciddi yanaşmaq olmaz. Təktərəfli mövqe tutan hansısa üçüncü dövlətin Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmaq hüququ yoxdur. Bu təklif Azərbaycan tərəfindən müsbət qarşılanmayacaq".
Əzizə Zeynal