Bu rayonda əhali idxal mallarını daha çox alır - GÖSTƏRİCİLƏR
2022-ci ilin nəticələrinə əsasən Azərbaycanın ticarət məntəqələrində satılan malların 36 faizi idxal edilən mallardan ibarət olub.
Sfera.az xəbər verir ki, idxal mallarının ən yüksək satış səviyyəsi Abşeron rayonunda qeydə alınıb. Abşeronda satılan hər 100 manatlıq məhsulun 68 manatı idxal mallarından ibarətdir.
Abşeronda idxal mallarının ticarət dövriyyəsinin artması ardıcıl beş ildir ki, davam edir. 2017-ci ildə 37 rayonda satılan hər 100 manatlıq malın 37 manatlıq hissəsi idxal olunmuş mal idi. Bu göstərici 2020-ci ildə 49 faizə, 2021-ci ildə 62,4 faizə yüksəlib.
Mütləq göstəricilərlə ifadə etsək, Abşeronda 2017-ci ildə 150 milyon manat olan idxal mallarının həcmi 2022-ci ildə 844 milyon manata yüksəlib.
Abşeronda idxal mallarının həcminin və payının sürətlə artmasının səbəbini izah etmək çətindir.
Azərbaycanın digər regionlarında idxal mallarının payı ən yüksək olan rayon Ağdaş (49 faiz) və Qusardır (43,5 faiz). Qusarda 2021-ci ildə alınan malların 66 faizi idxal edilən mallar olmuşdu. Amma ötən il quru sərhədlərin bağlı olması səbəbindən Qusarda idxal mallarınının ticarət dövriyyəsi kiçilib.
İdxal mallarının payı ən az olan rayonlar isə Xızı (19 faiz), Tovuz (19,5 faiz) və Ağdamdır (20 faiz).
Bakıda bütün ticarətin 39 faizi idxal mallarından ibarət olub.
Vasif