Yunanıstanda irimiqyaslı meşə yanğınlarından sonra daşqınlar başladı - Ölənlər var
Yunanıstanda ən azı 18 nəfərin həyatına son qoyan meşə yanğınlarından sonra təbii fəlakət yenidən tüğyan edir. Bazar ertəsindən çərşənbə axşamına keçən gecə təxminən gecə yarısı başlayan tufan 10 saat davam edib. Meteoroloqlar bir neçə saat ərzində 8000-dən çox ildırım vurmasını qeydə alıblar.
Sfera.az bildirir ki, Yunanıstanın mərkəzində "Daniel" qasırğasından sonra yollar və evlər su altında qalıb. Səlahiyyətlilər ilk itkilər barədə məlumat verib.
Yağıntının miqdarı 600 mm-i keçib. Nəticədə Krafsidonas çayı məcrasından çıxaraq Volos şəhərini və ətrafdakı bir neçə kəndi su basıb. Çərşənbə axşamı səhər çayda suyun səviyyəsi üç metr qalxıb.
Volosda binaların birinci mərtəbələrini su basıb, yollarda hərəkət iflic olub, dəmir yolu əlaqəsi dayandırılıb. Su basmış ərazilərin enerji təchizatı qeyri-sabitdir, sakinlərə elektrik enerjisinin uzunmüddətli kəsilməsi ilə bağlı xəbərdarlıq edilib.
Fırtınanın ən azı daha bir gün davam edəcəyi gözlənilir. Səlahiyyətlilər vəziyyətin daha da pisləşəcəyini gözləyirlər.
Polis bir nəfərin öldüyünü bildirib. Maldarlıq edən fermer heyvanlara yem vermək üçün evindən çıxarkən leysan nəticəsində uçan divar onu əzib.
Daha bir fermer də fırtınanın qurbanı olub. Onu axın aparıb. Yanğınsöndürmə idarəsinin nümayəndəsi bildirib ki, itkin düşən şəxsin cəsədi hələ tapılmayıb.
Su basmış ərazilərdə səlahiyyətlilər fırtına səngiyənə qədər sakinlərə evlərini tərk etməyi və küçələrdə hərəkət etməyi qadağan edib. Skiathos meri əyalətdən zərər çəkmiş ərazidə fövqəladə vəziyyət elan etməyi xahiş edib.
Xatırladaq ki, Yunanıstandakı yanğınlar müşahidələr tarixində ən güclü və zəhərli yanğınlar adlandırılıb.
Aysel
Sfera.az