Ukrayna üçün sentyabr və oktyabr ayları həlledici olacaq - Ekspert
“Yağışlı mövsüm hərbi əməliyyatların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Çünki yağışlar yağdıqdan sonra tanklardan və digər ağır zirehlərdən istifadə etmək çətin olacaq. Ukrayna qüvvələrinə torpaq quruykən əsas əməliyyatları yerinə yetirmək tapşırılıb”.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Petr Çernik deyib.
Onun sözlərinə görə, Qərb ölkələrinin istehsal etdiyi hərbi texnikalar çox ağırdır, hətta bəzi tankların çəkisi 75 tona qədərdir. Ekspert vurğulayıb ki, torpaq nəmdirsə, tank hərəkət edə bilməyəcək:
“Bu, piyadaların döyüş maşınlarına da aiddir. Qərbin istehsal etdiyi piyadaların döyüş maşınlarının çəkisi 30 tona, sovet istehsalı olan texnikaların çəkisi isə 10-13 tona qədər olur. Buna görə də davamlı yağışlar yağana qədər ilk növbədə, cənub cəbhəsində Rusiyanın dayaq mövqeləri dağılmalı, Azov dənizinin şimalına çıxış əldə edilməlidir. Fikrimcə, sentyabr və oktyabr bu baxımdan ən həlledici aylar olacaq. Amma biz bilməliyik ki, düşmən ciddi müqavimət göstərir, təslim olmur. Onlar yaxşı bilirlər ki, indiki vəziyyətdən artıq istehkam yoxdur. Surovikin (Ukraynada döyüşən qoşunların əvvəlki komandanı – red.) xətti Or boynuna (Krım yarımadasını materiklə birləşdirən hissə - red.) qədərdir. Ona görə də şiddətli döyüşlər davam edəcək".
Bununla yanaşı, Çernik rusların döyüş meydanında vəziyyəti geri qaytara biləcəyinə şübhə edir. Onun qənaətincə, işğalçıların işğalın əvvəlində olduğu kimi vəziyyəti canlandırmaq potensialı yoxdur. Ekspert izah edib ki, torpağın vəziyyəti həm Ukrayna tankları, həm də işğalçıların tankları üçün vacibdir:
“Bu mənada rusların heç bir üstünlüyü yoxdur. Çünki 10 tondan ağır hər şey yaş torpaqda hərəkət edə bilməyib, batacaq. Ona görə də rusların qarşıdakı aylarda üstünlük əldə etməsi mümkün deyil”.
Vasif