“Sertifikasiyadan 137 min müəllim keçəcək, işdən çıxarılanların sayı artacaq” – Millət vəkili
“Sertifikasiyadan 137 min müəllimin keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının az olmayacağı aydındır”.
Sfera.az xəbər verir ki, bunu son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsini şərh edərkən millət vəkili Vüqar Bayramov bildirib.
V.Bayramov deyib ki, işdən azad edilənlərin yerinə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək. “Təbii ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var”, - söyləyən millət vəkili hesab edir ki, sertifikasiya nəticələrinin sosial risk təhlili aparılmalıdır: “Sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, sertifikasiyadan keçməyən müəllimlərin bəzisi ailəyə gəlir gətirən yeganə şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılmalıdır”.
Vasif