“Paşinyan bu gün bir bəyanat verib, sabah tamamilə başqa bir fikir söyləyə bilər” - Deputat

“Paşinyan bu gün bir bəyanat verib, sabah tamamilə başqa bir fikir söyləyə bilər” - Deputat

Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatları bir-birilə mütənasiblik təşkil etmir. Belə ki, son günlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı iddiaları onun bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatına tamamilə ziddir.

 

Maraqlıdır, Paşinyanın mövqe dəyişdirməsi nədən qaynaqlanır? Baş nazirin mövqeyi növbəti təxribatçı plandan xəbər verə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar İskəndərov Ermənistanın son zamanlar dalana dirəndiyini qeyd edib. Parlamentari Paşinyanın mövqe dəyişdirməsinin səbəblərindən də danışıb:

 

“Əslində, bütün dünya bilir ki, Ermənistan dövlət kimi bir layihədir və onun əsas məqsədi yaradıldığı bölgədə Türkiyə-Azərbaycan Birliyinə mane olmaq, Turan Ittifaqının qarşısını almaq, separatçılıq, terrorçuluq və digər beynəlxalq hüquqa zidd əməllər törətməkdir. Ermənistanın başında olan rəhbərlər bu məqsədi həmişə dırnaqarası uğurla həyata keçiriblər. Əsrin əvvəllərindən bu yana torpaq iddiaları, dənizdən-dənizə “böyük Ermənistan” və digər xəyallar quraraq yaşayıblar və öz əhalisini də bu zəhərli, yalançı tarixlə zəhərləyiblər. Paşinyanın hakimiyyətə gəlməsi təbii ki, bir layihədir və onu hakimiyyətə gətirənlər qarşısına konkret məqsədlər də qoyublar. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, dünya birliyi tərəfindən bu qələbənin qəbul edilməsi, Azərbaycanın gücünün ortada olması Ermənistan və onu dəstəkləyən qüvvələri çətin vəziyyətə qoyub.

 

Paşinyan bu gün bir bəyanat verərək, sabah tamamilə başqa bir fikir söyləyə bilər. Əvvəla, bu artıq qeyri-stabil siyasətdir. İkincisi, bir ölkə başçısının avanturist siyasətlə ölkəni idarə etməsidir. Son zamanlar sülh danışıqlarının getdiyi bir zamanda bir neçə cəbhədə oynamaq cəhdləri Paşinyan və onun komandasını, ümumiyyətlə erməniləri dalana dirəyib. Azərbaycanın konkret xarici siyasəti, onun dəqiq konturları, beynəlxalq hüquqla və öz konstitusiyamızla hərəkət etməsi Ermənistanı çətin duruma salıb və artıq həm Ermənistandakı digər qüvvələr, həm Qarabağdakı separatçılar bu siyasət nəticəsində olduqca çətin bir vəziyyətdə başıpozuq hərəkətlər edirlər. Keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarında Azərbaycan prezidenti cənab İlham Əliyev hər dəfə diplomatik masadan qalib ayrılıb. Nəticədə Ermənistan baş naziri Azərbaycan tərəfinin diktə etdiyi məsələləri müzakirə etməyə məcbur olub və son zamanlar hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib”.

 

Deputat sülh sazişinin imzalanma müddətinin uzadılmasının Paşinyana zərər verəcəyini vurğulayıb:

 

“Bundan bir neçə gün öncə hökumətin iclasında Paşinyan təsdiq etdiyi siyasətə tamamilə əks olan fikirlər söyləməyə başlayıb. Əslinə qalsa, burada təəccüblü bir şey görmürük. Qeyd etdiyim qeyri-stabil siyasət tarix boyu Ermənistanın boynuna biçilib və Paşinyan da hazırda həmin siyasəti aparır. Bu kimi bir çox fikirlər daxili auditoriyaya hesablanıb. Ermənistan vətəndaşlarının əsas radikal kəsimini sakitləşdirməyə yönəlib. Digər məsələ isə xaricdə onları dəstəkləyən qüvvələrə bir növ referans etməsidir.

Paşinyanın bir şey deyib, başqa şey etməsi, bir-birindən fərqli bəyanatlar verməsi sülh danışıqlarına əngəldir və Ermənistanın özünə çox böyük ziyanlar vurmaqdadır. Düşünürük ki, Paşinyan gecikmədən Azərbaycanın təklif etdiyi beş baza prinsipləri üzərində beynəlxalq hüququn norma və prinsiplərinə, bugünkü reallıqların nəzərə alınmasına diqqət yetirməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR