Mərkəzi Bank valyuta ehtiyatlarını tədricən bərpa edir

Mərkəzi Bank valyuta ehtiyatlarını tədricən bərpa edir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında artım 2023-cü ildə də davam edir.

 

Sfera.az xəbər verir ki, tədiyə balansındakı profisitli vəziyyət, bankların xarici valuytaya olan tələbinin yüksək olmaması, daxili bazarda valyuta təklifinin artması AMB-nin xarici valyuta ehtiyatlarının həcminin artmasına səbəb olur.

 

Əlverişli vəziyyət AMB-yə imkan verir ki, 2014-2016-cı illərdə ağır maliyyə böhranı ilə əlaqədar valyuta ehtiyatlarında yaranan böyük itkini tədricən bərpa edə bilsin.

 

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 2014-cü ilin iyulun sonunda ən yüksək həddə - 15,1934 milyard dollara çatmışdı. 2014-cü ilin ikinci yarısında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və uzun müddət qiymətlərin artmaması Azərbaycanın xarici valyuta gəlirlərini xeyli azaltdı. Bununla bərabər Rusiyada yaranan ajiotaj ölkəmizdən böyük məbləğdə xarici valyutanın çıxışına səbəb oldu.

 

Hər iki amilin təsiri ilə ölkəmizdə xarici valyutaya olan tələbi ödəmək üçün AMB-nin valyuta ehtiyatlarından istifadə olundu və bunun nəticəsində ehtiyatlar sürətlə azalmağa başladı. Ehtiyatların həcmi 2014-cü ilin sonunda 13,758 milyard dollara, 2015-ci ilin sonunda 5,017 milyard dollara, 2016-cı ildə 3,974 milyard dollara qədər gerilədi.

 

Yaranmış vəziyyətdə AMB məcbur olub dollar/manat məzənnəsində dəyişiklik etdi və manat dollara nəzərən 2,14 dəfə ucuzlaşdırıldı. Həm bu tədbir, həm neftin qiymətlərinin bir qədər artması, həm də sərt fiskal və monetar sahədə atılan sərt tədbirlər hesabına cari əməliyyatlarda tarazlığın yaranması AMB-nin valyuta ehtiyatlarının tədricən artmasına imkan verdi.

 

Qeyd edilən dəyişikliklərdən sonra AMB-nin valyuta ehtiyatları 2017-ci ilin sonunda 5,335 milyard dollara, 2018-ci ildə 5,626 milyard dollara, 2019-cu ildə 6,26 milyard dollara, 2020-ci ildə 6,37 milyard dollara, 2021-ci ildə 7,075 milyard dollara yüksəldi. 2017-2021-ci illərdə AMB ehtiyatlarını 3,1 milyard dollar, yəni 78 faiz artıra bildi.

 

2022 və 2023-cü illərdə xarici iqtisadi vəziyyət Azərbaycan üçün daha əlverişli olduğundan AMB-nin valyuta ehtiyatları daha sürətlə artıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra neft qiymətlətinin yüksəlməsi, eyni zamanda Rusiyadan Azərbaycana valyuta axınının kəskin artması ölkəmizdə valyuta bolluğunu yaratdı. Vəziyyət elə həddə çatdı ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin həcmində azalmaya gedildi və nəzərdə tutulandan xeyli az vəsait büdcəyə köçürüldü.

 

Neft Fondundan transferin azalmasına baxmayaraq AMB-nin valyuta ehtiyatları 2022-ci ildə 9 milyard dollara, 2023-cü ilin avqustun sonunda isə 9,364 milyard dollara yüksəlib. Ümumilikdə son 20 ayda AMB ehtiyatlarını 2,29 milyard dollar və ya 32,3 faiz artırıb. 2017-ci ildən 2023-cü ilin sentyabrına qədər valyuta ehtiyatlarında 5,39 milyard dollar, yəni 135 faiz artım qeydə alınıb.

 

AMB-nin valyuta ehtiyatlarının artması Azərbaycanda xarici valyuta artıqlığının olmasının göstəricisidir. Xarici valyutada yaranan artıqlığı aradan qaldırmaq üçün AMB-nin ehtiyatları artır, əvəzində dövriyyəyə manatla pul kütləsi daxil olur.

 

Əgər bu vəziyyətdə AMB bazara müdaxilə edib artıq olan xarici valyutanı almasa, o zaman manat bahalaşmalıdır. Məhz məzənnənin sabit qalması üçün AMB artıq vəsaiti alır və bu səbəbdən ehtiyatlar artır.

 

Ehtiyatların artmasına həmçinin ehtiyatların idarə edilməsindən əldə olunana gəlir də təsir edir. Amma bu təsir məzənnənin sabit saxlanılması üçün artıq olan xarici valyutanın alınması qədər güclü olmur.

 

AMB-nin valyuta ehtiyatlarının mövcud həcmi valyuta ehtiyatlarının kifayətliliyinə imkan verir. Beynəlxalq standartlara əsasən ehtiyatların həcmi ölkənin üç aylıq idxalından, pul kütləsinin 20 faizindən və ya ölkənin birillik xarici borcundan çoxdursa, o halda ehtiyatların həcmi yetərlidir.

 

AMB-nin hazırki ehtiyatlarının həcmi bu standartlardan xeyli yüksəkdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...