Avropada ikinci olduq
13:33 / 31.10.2016
2439
Azərbaycan karateçiləri daha bir tarix yazıblar.
Sfera.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, Azərbaycan idmançıları Avstriyanın Lints şəhərində 118 ölkənin qatıldığı karate üzrə XXIV dünya çempionatını V pillədə, Avropa ölkələri arasında isə II yerdə başa vurub. Gözlənildiyi kimi, karatenin vətəni Yaponiya hamıdan yüksək nəticə göstərib (6 qızıl, 2 gümüş, 1 bürünc medal). Azərbaycandan öncə Fransa, İran və Misir kimi ölkələr də var.
Rafael Ağayevin (-75 kq) 5 qat dünya çempionluğu, Ayxan Mamayevin (-84 kq) gümüş medala, Firdovsi Fərzəliyevin (-60 kq) isə bürünc mükafata sahib olması medala layiq ola bilən 26 ölkə arasında bizə yüksək nəticə qazandırıb. Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan karateçilərimiz təəssüf ki, hakim haqsızlığı üzündən medalsız qalıblar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü Yaşar Bəşirova bu tarixi nəticə ilə bağlı həmkarları tərəfindən xoş sözlər ünvanlanıb. Federasiyanın I vitse-prezidenti və baş məşqçinin vəzifəsini icra edən Rəhman Hətəmovun çalışdırdığı milli komandamızın bu yüksək nəticəsi mütəxəssislər tərəfindən də alqışlanıb. Böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov da olmaqla məşqçilər heyətinin birgə işi müsbət dəyərləndirilib.
Yarışın təntənəli bağlanış mərasimində bu ay 2022-ci ilədək Dünya Karate Federasiyasının (WKF) yenidən prezidenti seçilən ispan Antonio Espinos şəxsən Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçilərinə (Avstriyadan Alisa Buxinqer, Yaponiyadan Ruo Kiyuna və Kiyou Shimizu, Avstraliyadan Raymond Morkomb və Ukraynadan Knarik Ayrapetyan) "Karatenin ən yaxşılar"ını rəmz etdirən hədiyyələr təqdim edib, onlara səmimi fikirlərini çatdırıb.
Qeyd edək ki, dünya çempionatının hər 3 medalına sahib olan karateçilərimiz sabah vətənə dönəcəklər.