Müxalifət qəzetinə hücum
Dünya
11:06 / 31.10.2016
1294
Türkiyənin "Cumhuriyet” qəzetinin rəhbərliyinə və yazarlarına qarşı polis əməliyyat keçirib. Sfera.az Odatv.com-a istinadən xəbər verir ki, polis səhər tezdən qəzetin baş redaktoru Murat Sabuncu, icra qurumunun rəhbəri Akın Atalay, yazarlar Hikmet Çetinkaya, Musa Kart, Musatafa Kemal Güngör, Orhan Erinc, Aydın Engin və Güray Özün evində axtarışlara başlayıb.
Aydın Engin, Sabuncu və Özün artıq saxlanıldığı bildirilir. Bundan əlavə evində axtarış aparılan amma özü xaricdə olan Akın Atalay barədə həbs qərarı verilib.
"Cumhuriyet” vəqfinin idarə heyətinin üzvləri Turan Günay və Bülent Utkunun da evlərində axtarış başladığı deyilir.
Xəbərə görə, qəzetin keçmiş baş redaktoru Can Dündar haqqında da həbs qərarı çıxarılıb.
Hökumətə yaxınlığıyla bilinən "Sabah” qəzetinin iddiasına görə, "Cumhuriyet” qəzetinin rəhbərliyinə və yazarlarına qarşı əməliyyatın səbəbi FETÖ və PKK-la əlaqədardır.
Xəbərdə deyilir ki, İstanbul baş prokurorluğu 13 nəfər barəsində həbs qərarı çıxarıb. Ümumilikdə isə şübhəli kimi 15 nəfərin adı keçir.
Qeyd edək ki, "Cumhuriyet” qəzeti Türkiyənin ən köklü qəzetlərindəndir. Həm də indiki hakimiyyətə qarşı müxalifliyi ilə seçilir. Ərdoğan hökuməti zamanında qəzetə qarşı bu cür hücumlar ilk dəfə deyil ki, keçirilir.