“WhatsApp” yazışmalarınız başqasının əlinə keçə bilər – TƏHLÜKƏ BÖYÜYÜR

“WhatsApp” yazışmalarınız başqasının əlinə keçə bilər – TƏHLÜKƏ BÖYÜYÜR

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları müşahidə edilir. Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, sözügedən halın istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlandığı məlum olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov deyib ki, təhlükənin miqyası təkcə “WhatsApp”la bağlı deyil. Onun sözlərinə görə, bütün sosial şəbəkələr, mail ünvanları, qısacası, SMS təsdiqi istəyən bütün tətbiqlər və xarici servislər təhlükə altındadır:

 

“İkimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək hesabın ələ keçirilməsinin qarşısını almır. Bu təhlükəsizlik funksiyasının işə salınması kibercinayətkarların hansısa yolla giriş məlumatını əldə etməsi halında hesaba icazəsiz girişdən qorumağa kömək edə bilər. Yəni bu funksiya ilə şəxsi yazışmalar və digər məlumatlar kibercinayətkarlar üçün əlçatan olmur.  Hesab ələ keçirilərsə, onu geri qaytara biləcəksiniz. Bunun üçün ələ keçirilən tətbiqdən, məsələn, "WhatsApp”dan şikayət edərək hesabı bərpa etmək mümkündür. Hesabda ikimərhələli təsdiqləmə funksiyası aktivləşdirilməyibsə və hesab ələ keçirilibsə, ehtimal ki, kiberdələduzlar sizin hesabınızda ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirəcək. Bu halda, siz hesabınızı geri qaytarsanız belə, məlumatlarınız sizin üçün əlçatan olmayacaq”.

 

Ekspert bildirib ki, hazırkı problem nə xidmət sahibi, nə də istifadəçi ilə əlaqəlidir:

 

“Bu hal OTP kodların beynəlxalq SMS servisləri ilə əlaqəlidir. Problemin aradan qalxması da beynəlxalq əməkdaşlıq müstəvisində həllini tapacaq. Hədəf sıradan vətəndaşlar deyil, nəzərdə tutulmuş xüsusi bir seqment yoxdur, prsoses kütləvidir. Yəni heç gözləmədiyiniz anda siz və ya yaxınlarınızdan birinin hesabı elə keçirilə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR