Qısqanclıq zəminində baş verən qətllər niyə artır? – Səbəblər və çıxış yolları

Qısqanclıq zəminində baş verən qətllər niyə artır? – Səbəblər və çıxış yolları

Son zamanlar sonu qətllə nəticələnən cinayət hadisələrinin statistikasında artım müşahidə olunur. Bu qəbildən olan cinayətlər adətən qısqanclıq zəminində baş verir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Əli Xəlilov dünya üzrə qətllərin çoxunun qısqanclıq zəminində baş verdiyini vurğulayıb:

 

“Belə halların yaranması üçün bir çox sosial və psixoloji problemlər mövcuddur. Cəmiyyətdə müxtəlif növ insanlar var ki, onların düşüncəsi də fərqlidir. Belə cinayətlərin çoxalmasında qətl hadisələrinin işıqlandırılması və tirajlanması da rol oynayır. Psixoloji olaraq çökmüş insanlar bu kimi qətlləri çıxış yolu kimi görür və bəzən uzun müddət özlərini buna hazırlayırlar. Bir qisim insanlar var ki, onlar üçün cəmiyyətin rəyi əsasdır və həmin şəxslər əllərində fakt olmasa belə tərəf müqabillərini ittiham etməyə hazırdırlar.

 

Bəzi cütlüklər bir-birləri ilə düzgün ünsiyyət qura bilmir və qisas məqsədli xəyanət də edirlər. Buna görə də psixi pozğunluğu olan şəxslər mütləq müalicə edilməlidir. Affekt vəziyyəti adlandırılan durum qısa davam edir və emosional haldır. İnsan bu durumda asanlıqla cinayət törədə bilir”.

 

Mütəxəssisin sözlərinə görə, cinayətkarlıq sonradan peşmanlıq hissi də yarada bilir və həmin şəxsi intihara qədər sürükləyir. Psixoloq cütlüklərin psixoloji müayinələrdən keçməsinin mühüm olduğunu qeyd edib:

 

“Bir araya gəlməyib, konstruktiv ünsiyyətdən qaçan cütlüklərdə psixoz vəziyyət daha ağır formada olur. Sonu qətllə bitən olaylarda qatilin sonda özünü də öldürməsi sevgi hissi ilə bağlıdır. Belə ki, cinayəti törədən şəxs bundan sonra yaşamaq üçün səbəb görmür. Bundan başqa, insan başına gələcək hadisələri, bundan sonra yarana biləcək çətinlikləri də düşünərək intihara əl atır.

 

Psixologiyafda “Otello sindromu” var və bu sindromu yaşayan insanlar aşırı qısqanclıq hissi keçirir. Bunun sonu isə çox pis bitir. Odur ki, tərəflər münasibət qurarkən, evlənərkən psixoloji müayinələrdən keçməlidirlər. Bəzən vaxtında aşkar olunan problemlərin həlli  mümkün qətllərin, intiharların qarşısını alır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR