Rusiya taxıl ixracı rüsumlarını artırdı – Çörək bahalaşacaq?

Rusiya taxıl ixracı rüsumlarını artırdı – Çörək bahalaşacaq?

Rusiya bir neçə gün öncə taxıl ixracı rüsumlarını artırıb. Bunun isə taxılın qiymətlərinə təsirsiz ötüşməyəcəyi bildirilir.

 

Maraqlıdır, Rusiyanın bu qərarı Azərbaycana necə təsir edəcək? Un və çörək məmulatları bahalaşa bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli dəyişikliyin yaxın zamanlar üçün Azərbaycan bazarlarına təsirinin olmayacağını düşünür:

 

“İyulun sonunda taxılın qiyməti ilə bağlı dünya bazarında çox yaxşı vəziyyət var idi. Yəni Ukraynada taxıl koridorunun fəaliyyətdə olmasına görə qiymətlər aşağı idi, ruslar taxıl rüsumlarını aşağı salmışdılar. Buna görə də dünya bazarında unun qiyməti 30 faizədək azalmışdı. Lakin iyulun sonundan etibarən ruslar taxıl dəhlizindən çıxdılar. Bundan sonra son 12 aydan fərqli olaraq buğdanın qiymətlərində ilk dəfə 1,6 faiz artım yarandı. Bunun isə Azərbaycan bazarına təsiri olmayacaq. Çünki bundan əvvəlki aylar qiymətlər aşağı idi. Lakin unun ucuzlaşmasını da müşahidə etməyəcəyik”.

 

Ekspert  avqust ayının nəticələrinə uyğun olaraq növbəti aydan etibarən un və çörəyin qiymətində dəyişikliyin ola biləcəyini vurğulayıb:

 

“Azərbaycan taxılı əsasən Rusiyadan idxal edir. Bizim digər əsas buğda bazarımız Qazaxıstan və hazırda sıradan çıxsa da Ukraynadır. Daha çox isə isə Rusiya buğdasından asılıyıq. Bunun da səbəbi Rusiyadan buğda gəlişinin daha əlverişli olmasıdır.

 

Rusiyanın rüsumları qaldırması taxıl alışında qiymətləri artıracaq. İndiki məqamda isə çörək bazarında qiymətlərin artacağını gözləmirəm, çünki iyula qədərki dövrdə olan ucuzlaşma imkan verir ki, istehsalçılar və idxalçılar xırda artımları özləri tənzimləyə bilsinlər. Lakin qiymətlərdə artım davamlı və dayanıqlı olarsa, un bazarında qiymətlərin artacağını görəcəyik”.

 

Məlumat üçün qeyd edək ki, hazırda buğda ununun bir kiloqramının orta qiyməti 1,54 manat, 600 qramlıq dairəvi çörəyin (“zavod” çörəyi) qiyməti 60 qəpikdir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR