“NATO Ukrayna savaşından geri çəkilə bilər” - İDDİA

“NATO Ukrayna savaşından geri çəkilə bilər” - İDDİA

“Ukraynada müvəqqəti atəşkəs Rusiyanın xeyrinə olacaq. Bu halda Rusiya hərbi qüvvələri yenidən qruplaşmağa imkan tapacaq”.

 

Bunu ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib. Qeyd olunub ki, Ukraynaya Qərbin dəstəyi də azala bilər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, yaxın zamanda Rusiyada atəşkəs əldə olunacağı gözlənilmir, əksinə, müharibənin miqyası getdikcə genişlənir:

 

“Ukrayna geri çəkilmək istəmir. Rəsmi Kiyev dəfələrlə bildirib ki, müharibə işğal altındakı bütün torpaqların azad olunmasından sonra başa çata bilər. Bu isə Rusiyanı döyüşləri davam etdirməyə məcbur edir. Hərçənd imkan olsa, indi rəsmi Moskva bəlkə də, müharibəni dondurmaq istəyər. Çünki imkanları getdikcə tükənir.  Digər tərəfdən, bəzi Qərb siyasətçilərinin fikrincə, Ukraynanın əks-hücum əməliyyatları gözlənildiyindən ləng davam edir. Analitiklər düşünürlər ki, bu, xüsusilə Vaşinqtonla Kiyev arasında ziddiyətlərə səbəb ola bilər. Çünki ABŞ Ukraynaya xeyli vəsait ayırıb. Amma, görünür, istədiyi nəticəni əldə etmir. Bu isə gələcəkdə ABŞ-nin Ukraynaya dəstəyinin dayandırılması ilə nəticələnə bilər”.

 

Ekspert bildirib ki, müvəqqəti atəşkəsi Qərb də istəmir:

 

“Bu, ayrılan vəsaitin havaya sovurulmasının təsdiqi olacaq. Ona görə də döyüşlərin intensivliyinin azalacağı təqdirdə, Qərbin Ukraynaya dəstəyinin minimuma enəcəyi gözləniləndir. Ümumiyyətlə, Qərb Ukraynaya hərbi dəstəyi hissə-hissə, simicliklə həyata keçirir. Bu isə ABŞ və müttəfiqlərinin proseslərə ancaq öz maraqları konteksindən yanaşması ilə bağlıdır. Onları düşündürən Ukraynanın taleyi yox, Qərbin Şərqi Avropadakı maraqlarıdır.  Deməli, gələcəkdə Qərbin yenə də öz məqsədləri naminə Ukraynanı yarı yolda qoyması mümkündür. Son zamanlar Ukrayna ilə NATO arasında yaranan gərginliyin gələcəkdə daha da güclənəcəyi istisna deyil. Bu isə Kiyevin xeyrinə olmayacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR