"Rusiya nüvə silahından istifadə edəcək, Belarus isə..." - Lukaşenkodan ŞOK AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamaları gündəm olub.
Sfera.az bildirir ki, ölkə başçısı rusiyayönlü ukraynalı jurnalist Diana Pançenkona müsahibə verib. Lukaşenko Belarusun Ukrayna savaşına qatılmasının Rusiyaya heç nə qazandırmayacağını və Putinin onu buna məcbur etmədiyini deyib.
"Əgər ukraynalılar sərhədimizi keçməsə, heç vaxt bu müharibədə iştirak etməyəcəyik. Amma biz həmişə Rusiyaya kömək edəcəyik, onlar bizim müttəfiqlərimizdir”, - Belarus lideri söyləyib.
Rusiyanın Ukraynada öz məqsədlərinə artıq çatdığına inandığını deyən Lukaşenko hər iki tərəfin danışıqlar masasına oturmalı və bütün məsələləri, o cümlədən Rusiyanın ilhaq etdiyi Krımın gələcəyini müzakirə etməli olduğunu bildirib:
“Bu müharibə bitdikdən sonra Ukrayna Rusiyaya müharibədən əvvəlki kimi aqressiv davranmayacaq”.
Rusiyanın öz ərazisində yerləşdirdiyi nüvə silahından istifadəsi də daxil olmaqla, istənilən hücuma cavab verəcəyini vurğulayan Lukaşenko fikirlərini bu cür davam etdirib:
“Yalnız bir təhlükə ola bilər, o da ölkəmizə ehtimal olunan hücumdur. Əgər Belarusa hücum Polşa, Litva, Latviyadan başlayarsa, əlimizdə olan hər şeylə dərhal cavab verəcəyik. Ya da Ukrayna bizə hücum etsə, nüvə silahından başqa arsenalımızda olan hər şeydən istifadə edəcəyik. Qırmızı xətləri keçsələr, xəbərdarlıq etməyəcəyik. Bütün bu sadaladıqlarım xəbərdarlıq edilmədən baş tutacaq”.
Günay Rəsulqızı