Ermənistanın BMT fiaskosu: Sərhəddə təxribatlar artacaq? - AÇIQLAMA

Ermənistanın BMT fiaskosu: Sərhəddə təxribatlar artacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə həsr olunub.İclas başlar-başlamaz Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Maraqlıdır, BMT müzakirələrindən sonra Ermənistanın istəyinin fiaskoya uğraması sərhəddə təxribatları artıra bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev son müzakirələrdə Azərbaycanın haqlı mövqeyinin bir daha ortaya qoyulduğunu qeyd edib.

 

 

Deputat Ermənistanın müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasını uzatmaq istədiyini da vurğulayıb:

 

“BMT-də gedən müzakirələr bir daha göstərdi ki, Azərbaycan xarici və daxili siyasətdə düzgün mövqedədir və  Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu məsələnin həlli suveren bir dövlətin öz vətəndaşları ilə arasında olan daxili məsələdir. Alternativ yol kimi istər Ağdam yolu olsun, istərsə də digər istiqamətdən istifadə etmək Azərbaycanın tam hüququdur. Laçın Buraxılış Məntəqəsindəki fəaliyyət tam legitimdir. Tövsiyələr ola bilər, lakin birmənalı şəkildə bu, Azərbaycanın daxili və xarici siyasətdə ən mühüm qələbələrindən biridir.
Nəticə də göstərdi ki, bütün beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir və bu, bir daha beynəlxalq səviyyədə təsdiqini tapdı. 
Bir məqamı da qeyd etmək istərdim ki, Ermənistanın bu proseslərdə əsas məram və məqsədi nəyin bahasına olursa olsun, sülh müqaviləsinin imzalanmasını gecikdirmək və bu məqsədlə humanitar yardım, insan haqları kimi həssas məsələlərdən istifadə etməkdir ki, buna da nail olmadılar”.

 

Millət vəkili ermənilər tərəfindən növbəti təxribatın ola biləcəyini də istisna etməyib:

“Yerdə qalan ikinci məsələ isə atəşkəsi pozmaq və müxtəlif təxribatlara əl atmaqdır. Misal olaraq Kəlbəcər istiqamətində törətdikləri hərbi təxribatı göstərə bilərik.
Bir sözlə, sülh müqaviləsinin bağlanmasını hazırda müxtəlif klanlardan olan və vaxtilə səhra komandirləri olmuş, sonradan Ermənistanda vəzifələr tutmuş şəxslər istəmir. Çünki özlərinin son aqibətlərinin acınacaqlı olacağını özləri də başa düşürlər. Paşinyan hakimiyyəti də istəmir ki, sülhün bərqərar olması müxtəlif daxili və xarici problemlərə gətirib çıxarsın. BMT-dəki uğursuzluq erməni təxribatının digər variantlara əl atmasına səbəb ola bilər. Lakin biz bu istiqamətdə sakitik, çünki ərazi bütövlüyümüzə qarşı yönələn istənilən təxribatın cavabı veriləcəkdir. Qarabağ ərazisindəki separatçı və revanşist qüvvələrə qarşı da istənilən vaxt antiterror əməliyyatı keçirmək olar.Biz dünyaya sübut etdik ki, beynəlxalq hüquq və normalarını pozmuruq və bununla yanaşı, biz güc sahibiyik”.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR