Ermənistan yeni müharibəyə hazırlaşır? – “Hərbi əməliyyatlar başlayarsa..”

“Ermənistanın təxribatları son zamanlar intensiv hal alıb. Bu isə Baş nazir Nikol Paşinyanın sülhlə bağlı açıqlamaları ilə uzlaşmır”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
O qeyd edib ki, provokasiyalar sülh quruculuğu prosesinə və qarşılıqlı etimad mühitinə zərbə vurur:
“Təxribat xarakterli hadisələr, o cümlədən Ermənistanın sürətlə silahlanması göstərir ki, qarşı tərəf müharibəyə hazırlaşır. Bu isə Azərbaycan ordusunun növbəti antiterror əməliyyatına başlaması ehtimalını artırır. Bəlkə də, Ermənistan və ondan alət kimi istifadə etmək istəyən qüvvələr yeni müharibə arzusundadırlar”.
Ekspertin sözlərinə görə, ehtimal edilən savaş Ermənistan üçün yaxşı nəsə vəd etmir: “Əgər yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, rəsmi İrəvan çətin ki, bunun altından çıxa”.
Xatırladaq ki, avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib. Nazirliyin yaydığı başqa bir məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Adekvat addım nəticəsində diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Günay Rəsulqızı