\"İranın Azərbaycanla normal münasibət qurmaq cəhdi müvəqqətidir, çünki...\" - Politoloq

\

Xəbər verdiyimiz kimi, İranın Şiraz şəhərində bir ildən az müddətdə ikinci terror aktı baş verib. Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.Bu, ziyarətgahın ərazisində ikinci terror aktıdır. Əvvəlki terror aktı 2022-ci ilin oktyabrında eyni yerdə törədilib. Daha sonra 13 nəfər həlak olub, daha 45 nəfər yaralanıb.Hadisənin arxasında bir sıra ölkələrin, təşkilatların adları çəkilsə də, hələlik bu yöndə İran tərəfindən rəsmi açıqlama yoxdur. 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri İranın bütün müsəlman ölkələri ilə düşmənçilik apardığını və terrorda Qərb amilinin yer almadığını bildirib:


“İndiki vəziyyətdə birləşmiş Qərbin əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Buna görə, Ukraynaya hərbi-maliyyə cəhətdən dəstək verməyə davam edirlər və hazırda terror vasitəsilə İrana təzyiq etmək kimi niyyətin ola biləcəyini düşünmürəm. Yəni bu terror hadisəsinin arxasında Qərb amilini görmürəm. Lakin İranda terror törədəcək maraqlı şəbəkələr, İran rejiminin devrilməsini istəyən, farsyönlü müxalif qüvvələr mövcuddur. Bu müxalif qüvvələr vasitəsilə növbəti terror hadisələrinin törədilməsi də mümkündür. Eyni zamanda İrana həmsərhəd olan ölkələrdə də bəzi terrorçu qruplaşmalar var ki, onlar da bu terroru törədə bilərlər. 
İran bütün qonşu müsəlman ölkələrlə düşmənçilik siyasəti yürüdür. Baxmayaraq ki, son aylar Azərbaycan və Səudiyyə Ərəbistanıyla normal münasibətlər sistemi qurmağa çalışır, lakin bunlar da müvəqqəti xarakter daşıyır. İran elə bir dövlətdir ki, heç bir müsəlman ölkəsi ilə normal dostluq münasibəti qurub davam etdirə bilmir. İranın anladığı yeganə siyasət güc siyasətidir və bu siyasətdən istifadə edərək özünün İslam ölkələrində, xüsusilə də şiə qövsü siyasəti ilə hegemonluğunu yaratmaq istəyir. Bu siyasət xeyli müddət aparılıb iflasa uğrasa da, hiss olunur ki, İran bu niyyətindən vaz keçməyib”. 

 

Ekspert terror hadisəsində adıçəkilən İŞİD faktorunun real ola bilməyəcəyini qeyd edib. Politoloqun sözlərinə görə, İŞİD pul müqabilində bu hadisəni öz üzərinə götürmüş ola bilər:

 

“İranda vəziyyətin gərgin olmasını istəyən digər ölkələr də var. Bu ölkələrin başında İsrail durur. Lakin hər bir halda konkret kəşfiyyat məlumatları olmadan heç bir şəbəkəni, qüvvəni və dövləti ittiham etmək olmaz. Fakt isə ondan ibarətdir ki, hələlik Şirazda törədilən terror hadisəsini üstünə götürən qruplaşma İŞİD-dir. Bu qruplaşma bu gün elə bir səviyyədə maginallaşıb ki, pul müqabilində istənilən ölkədə törədilmiş terror hadisəsini öz üzərinə götürür. Yəni İŞİD ayaqda dura bilməsi üçün pul ödəyən istənilən güc mərkəzi üçün sövdələşməyə gedir. Ancaq hər bir halda İran bu yöndə təhqiqatlarını aparacaq. Lakin məhkəmə qərarlarını belə öz siyasi prizmaları baxımından bəyan edən bir ölkənin real nəticə söyləyə biləcəyini demək də çətindir”. 

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR