“Avqustda neft bir qədər də bahalaşacaq” - BEA

Beynəlxalq Enerji Agentliyi (BEA) neft istehlakının rekord həddə yüksəldiyini və bunun avqust ayında qiymətləri artıra biləcəyini açıqlayıb.
Sfera.az xatırladır ki, Səudiyyə Ərəbistanı və onun bəzi tərəfdaşları neft tədarükünü azaldıb. Belə bir vəziyyətdə neftə tələbin artması nefti bahalaşdırır.
Birja məlumatlarına əsasən, son bir ayda “Brent” markalı neftin qiyməti davamlı yüksələrək 72 dollardan 86-87 dollar səviyyəsinə çatıb.
BEA hesabatında qeyd edib ki, Səudiyyə Ərəbistanının və onun tərəfdarlarının tədarükü azaltmasına paralel olaraq gündəlik qlobal neft istehlakı artaraq iyunda 103 milyon barrelə çatıb. İstehlakdakı bu səviyyə rekord göstəricidir.
Hesabatda neftə tələbi şərtləndirən amillər arasında yay mövsümündə hava səyahətlərinin sayının artması, elektrik istehsalında neftdən istifadənin artması və Çində neft-kimya fəaliyyətlərinin artması göstərilir. Digər tərəfdən xam neft və neft məhsullarının ehtiyatının kəskin şəkildə azaldığını qeyd edən BEA payızda neft bazarında gərginliyin daha da artacağını proqnozlaşdırıb.
Neft qiymətlərinin yüksəlmə ehtimalını ABŞ Enerji İnformasiya İdarəsi (Eİİ) də təsdiqləyir. Eİİ bu il və gələn il üçün neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib.
Qurum “Brent” markalı neftin bir barelinin qiymətinin ilin sonuna kimi 82,62 dollara yüksələcəyini gözləyir. Əvvəlki proqnozda Eİİ neftin qiymətinin 79,54 dollar olacağını təxmin etmişdi.
Qeyd edək ki, artıq Azərbaycan neftinin qiyməti 90 dollara çatıb. Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac göstəricilərinin yaxşılaşmasına, Dövlət Neft Fondunun və SOCAR-ın gəlirlərinin artmasına səbəb olacaq.
Lakin neftin bahalaşması digər əmtəələrin qiymətinə artırıcı təsir göstərir. Bu hal digər əmtəələrin qiymətində gözlənilən azalmanı ləngidə bilər.
Vasif