"İranın “dərin dövlət”i hər yeni gələn prezidentə izah edir ki..." - Politoloq

"Bir ölkənin “dərin dövləti” öz ərazisində ekoloji fəlakətin böyüməsində niyə maraqlı olsun?".
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert İranı gələcək fəlakətin qarşısını almamaqda günahlandırıb:
"Urmiya gölü sürətlə quruyur, əkinçiliyə və heyvandarlığa zərər dəyib, quruma nəticəsində duz qasırğalarının ətraf aləmə, o cümlədən Türkiyə və Naxçıvana mənfi təsiri olacaq. Deyək ki, Urmiya gölünün quruması İranın “dərin dövlətinin” vecinə deyil, əksinə Güney Azərbaycana, Azərbaycana və Türkiyəyə ekoloji problemlərin yaranmasından faydalanmaq istəyirlər, ancaq axı bunun bir ucu özlərinə də toxunacaq. Müxtəlif hesablamalara görə, duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan on milyonlarla sakinə təsir edəcək".
Ekspert İran prezidentlərinin məsələyə laqeyd yanaşmasından söz açıb:
"İranda hər yeni gələn prezident Urmiya gölünün problemini həll edəcəyini vəd edir, bir az keçir, vədini yaddan çıxarır və ya “dərin dövlət” ona izah edir ki, “bu məsələyə qarışma!”. Bu səbəbdən Tehran Urmiya gölünün ekoloji problemlərinin həlli məqsədilə beynəlxalq qurumların və ekspertlərin rəyini də qulaqardına vurur".
Əzizə