Türkiyə iqtisadiyyatında canlanma: Profisit qeydə alındı

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə tədiyyə balansına dair statistikanı açıqlayıb.
Sfera.az TCMB-yə istinadən xəbər verir ki, iyunda cari əməliyyatlar hesabında 2021-ci ilin oktyabr ayından bəri ilk dəfə aylıq profisit qeydə alınıb.
Türkiyə iqtisadiyyatında cari əməliyyatlar balansı iyun ayında 674 milyon dollar müsbət saldo verib.
Xatırladaq ki, 2022-ci ilin iyununda cari əməliyyatlar balansında 2 milyard 581 milyon dollar kəsir yaranmışdı.
2023-cü ilin iyununda müsbət fərqin yaranmasına baxmayaraq, ilin yanvar-iyun dövründə 36,8 milyard dollar kəsir qeydə alınıb ki, bu da 2022-ci ilin yanvar-iyun dövründəki kəsirdən (28,7 milyard dollar) xeyli çoxdur.
İyunda cari əməliyyatlarda müsbət fərqin yaranması xidmət sektoru ilə bağlı olub. Xarici ticarət kəsiri 3 milyard 697 milyon dollar olduğu halda, xidmətlər balansında 5 milyard 19 milyon dollar profisit qeydə alınıb. Xidmətlərdə profisitin yüksək olmasının başlıca səbəbi isə turizm gəlirləri olub.
Ümumilikdə ekspertlər hesab edir ki, may ayından başlayaraq pul-kredit və büdcə-vergi siyasətinin sərtləşdirilməsi Türkiyə iqtisadiyyatında maliyyə balansında müsbət dəyişikliklər yaradıb. Gözlənilir ki, bu siyasətin davam etdirilməsi növbəti aylarda da müsbət dəyişikliklərə səbəb olacaq.
Vasif