Cari ilin birinci yarısında maaşların real dəyəri azalıb - STATİSTİKA

Açıqlanan rəsmi məlumata əsasən, Azərbaycanda orta əməkhaqqı 2023-cü il iyulun 1-də 922 manata yüksəlib. Son bir ildə orta əməkhaqqında artım 11,5 faiz təşkil edib.
Sfera.az xəbər verir ki, bu müqayisə, əməkhaqqındakı artıma dair məlumat nominal göstəricilərə əsaslanır. Real göstəricilərlə olan müqayisə isə aparılmır.
Əməkhaqqında baş verən real dəyişikliyi hesablamaq üçün inflyasiya amili nəzərə alınmaqla hesablanma aparılmalıdır. Məhz inflyasiya səviyyəsi əməkhaqqının real dəyərini, yəni alıcılıq qabiliyyətini müəyyənləşdirməyə imkan verir.
Bu ilin ilk yarısında inflyasiya 12,7 faiz olub. Əməkhaqqında nominal artım sürətindən qiymətlərdəki artım sürətini çıxdıqda məlum olur ki, maaşlar real göstəricilərlə hesablandıqda azalıb. İlin birinci yarısında orta əməkhaqqının real dəyərində azalma 1,2 faiz olub.
2022-ci ildə isə inflyasiyanın yüksək olmasına baxmayaraq, orta əməkhaqqının real dəyəri artıb. Ötən il inflyasiya 14,7 faiz, nominal əməkhaqqında artım sürəti 13,9 faiz olmuşdu. 2022-ci ildə maaşlarda orta hesabla 0,8 faiz real artım baş verib.
Son illərdə də orta əməkhaqqında real artım müşahidə edilib. 2015-ci ildə orta əməkhaqqı 466 manat olub. 2023-cü ilin əvvəlində orta maaş səviyyəsi 839 manata yüksəlib. Nominal qiymətlərlə müqayisə etdikdə görürük ki, orta əməkhaqqı 80 faiz artıb. Amma bu dövrdə qiymətlər 66,3 faiz yüksəlib. Buradan görünür ki, son 7 ildə orta əməkhaqqının real dəyərində 13,7 faiz artım baş verib.
2023-cü ilin iyulun 1-də orta maaş 922 manat olub. İlin sonunda orta əməkhaqqının 940 manat olacağı proqnozlaşdırılır. Əgər həmin tarixdə orta inflyasiya 10 faiz olarsa, o halda, əməkhaqqlarında real artım qeydə alınacaq.
Vasif