Rusiyadan “U dönüşü”: “Putin geri addım atacaq”

“Rusiyanın “Taxıl sazişi”ndən birtərəfli qaydada çıxması, əslində onun dünyaya meydan oxumaq cəhdi idi. Çünki dünya ölkələrinə taxılın daşınmaması qlobal aclıq təhlükəsi yaradır. Bir müddət belə davam edərsə, sazişin bərpası ilə bağlı Rusiyanın razılığına ehtiyac yarana bilər”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O qeyd edib ki, dünya dövlətləri Kremlin mövqeyini nəzərə almağa başlayacaqlar:
“Çox güman, Rusiya bundan sonra inadkarlığını davam etdirməyə, öz şərtlərini ortaya qoymağa çalışacaq. Nəyəsə nail olmadan Moskvanın sazişin bərpasına nail olacağı ağlabatan deyil. Amma vəziyyət uzun müddət belə davam edə bilməz. “Taxıl sazişi”nin ən qısa müddətdə davam bərpa edilməməsi Rusiyanın işini daha da çətinləşdirəcək. Rəsmi Moskva dünyadan daha da təcrid olunacaq”.
Ekspert bildirib ki, Ərdoğanla Putinin ehtimal edilən görüşündə bu məsələ də müzakirə olunacaq:
“Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin demişdi ki, ölkəsi Afrikaya pulsuz taxıl verə bilər. Bu, ehtimal edilən təzyiqlərin qarşısının alınması məqsədilə, preventiv xarakterli deyilən sözdür. Putin bu bəyanatı ilə özünü humanist göstərməyə çalışır. Amma iddia edildiyi kimi də olacaq, yəni Rusiya Qərbin kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət almağa nail olacaq. Gizli və ya aşkar formada Ankara da bu məsələyə dəstək verə bilər. Bundan sonra isə “Taxıl sazişi” yenidən bərpa olunacaq. Beləliklə, həm Türkiyə, həm də Rusiya qazanclı çıxacaq”.
Günay Rəsulqızı