“Quranı yandırmağı qadağan etmək olmaz” – Danimarka nəşri

Danimarka Quranın yandırılmasını və buna bənzər aksiyaları qadağan etməyi planlaşdırır.
Sfera.az bildirir ki, ölkə mətbuatı isə bu barədə qalmaqallı yazı yayımlayıb. Belə ki, Danimarkanın “Politiken” qəzeti mümkün qadağaya qarşı çıxıb və “Quran yandırmaq qadağan olunmamalıdır”, deyə qeyd edib.
“Quranın yandırılması görüntülərindən ancaq iyrənmək olar. Danimarka və İsveçdə kiçik bir qrupun müsəlmanların müqəddəs kitabını yandırıb külə çevirməsi isə utancvericidir. Amma bunu qadağan etmək olmaz”, - qəzet vurğulayıb.
Danimarka Xarici İşlər Nazirliyi isə digər ölkələri, mədəniyyətləri və dinləri təhqir edən bu cür hərəkətlərin ölkə üçün ciddi diplomatik və təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini, hökumətin bunların qarşısını almaq üçün yollar axtaracağını açıqlayıb. Nəşr bunun necə olacağının hələ də aydın olmadığını bildirib.
Qeyd edək ki, ötən günlərdə Danimarkanın paytaxtı Kopenhagendə özlərini “Danimarka vətənpərvərləri” adlandıran təxribatçı qrup Pakistan, daha sonra İraq səfirlikləri qarşısında Quranı yandırıb. Yoldan keçən qadın qrup üzvlərinin müqəddəs kitabı yandırmasına mane olmaq istəyib. Quranı alaraq təcavüzkar qrupun qarşısını almağa çalışan qadına Danimarka polisi sərt müdaxilə edib. Quranı qadından götürən polis onu yerdə sürüyərək müqəddəs kitabı yenidən hücum edən qrupa qaytarıb.
Digər tərəfdən Türkiyənin beynəlxalq münasibətlərdəki qətiyyətli mövqeyi növbəti dəfə müsbət nəticələr verməyə başlayıb. İsveç Qurani-Kərimə qarşı edilən çirkin hücumlara qarşı tonunu sərtləşdirməyə başlayıb. İsveç xarici işlər naziri Tobias Billström hücumları "alçaq" adlandırıb və bu halın təkrarlanmaması üçün qanunları dəyişdirməyə çalışdıqlarını bildirib.
Günay Rəsulqızı