“ABŞ-a inanmırıq, amma danışıqları davam etdirəcəyik” – İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Tehranın heç vaxt ABŞ ilə qarşılıqlı etimad əsasında dialoqa getməyəcəyini bəyan edərək milli maraqlara uyğun olaraq sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqlara davam etməyə hazır olduğunu bildirib.
Sfera.az İran mediasına istinadən xəbər verir ki, nazirlik sözçüsü həftəlik mətbuat konfransında jurnalistlərə bildirib ki, İranın ABŞ hökuməti ilə bağlı mövqeyi həmişə şəffaf olub.
“Biz heç vaxt ABŞ ilə etimad əsasında danışıqlar aparmayacağıq. ABŞ-nin JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxması bizim ABŞ-a olan inamımızın nəticəsi deyildi”, - deyə o vurğulayıb.
ABŞ-nin İran üzrə keçmiş elçisi Rob Mallinin 2015-ci il nüvə sazişini yalnız digər məsələlərlə bağlı İrana təzyiqi artırmaq üçün canlandırmaq istədiyini ortaya qoyan səsyazısı ilə bağlı suala Kənani belə cavab verib:
“Həmin şəxsin dediklərinə reaksiya verilməsi ABŞ-nin səlahiyyətindədir. Bununla belə, İran öz milli maraqları əsasında və İranın hüquqlarını bərpa etmək üçün sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqlar aparır. İranın qırmızı xətləri onun milli maraqlarıdır. Biz danışıqları davam etdirməyə və yekunlaşdırmağa hazırıq”.
Əzizə