MİDA-nın onlayn satış prosesində ilk mənzil seçimi 27-ci saniyədə reallaşdı

Mənzil İnşaatı Dövlət Agentliyinin bu gün keçirdiyi onlayn satış prosesində ilk mənzil seçimi oyunun başlamasından sonra 27-ci saniyədə reallaşıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.
Ekspert seçim prosesinin şəffaf keçdiyini qeyd edib:
"Bu gün MİDA-nın növbəti onlayn satışı baş tutdu. Müşahidəçi olaraq iştirak etdim. MİDA yenə canlı yayım təşkil etməmişdi. Bəzi məqamları mən canlı yayımda göstərməyə çalışdım. 13 mindən çox iddiaçı aktiv görsənirdi.
İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər. Xatırladıram ki, ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu.
DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi.
MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi".
Ekspert seçim prosesi zamanı təhlükəsizlik məsələlərinə DTX-nin nəzarət etdiyini vurğulayıb:
"Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar olmadan yekunlaşdı.
Daha dəqiq məlumatları MİDA-nın yekun rəsmi məlumatından, log faylların açıqlanmasından sonra qeyd etmək mümkün olacaq.
Yeri gəlmişkən, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir.
Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir".
Qeyd edək ki, bu gün saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin onlayn satışı həyata keçirilib.
Əzizə