“Üstümüzə maşın sürdülər, bizi təhqir edirlər...” – Evləri zərər görən sakinlərin ŞİKAYƏTİ

“Üstümüzə maşın sürdülər, bizi təhqir edirlər...” – Evləri zərər görən sakinlərin ŞİKAYƏTİ

Ərazidəki bina tikintisi Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan sakinlərin evlərinə zərər vurur.

 

Badamdar qəsəbəsi 3-cü massivin sakinləri - Babayeva Aygün, Abbasova Kifayət və Əsgərov Böyükağa Sfera.az saytına ünvanladıqları şikayətdə mənzillərinin yaxınlığında kimə məxsus olduğu bilinməyən tikilinin inşasının getdiyini bildirib:

"Biz hasar qonşularıyıq, yaşayış sahəmizə birləşmiş sahədə bina tikilir. Lakin bizə bildirilib ki, tikili bina yox, fərdi yaşayış evidir. Binanın kimə məxsus olduğu bilinmir. Hasarlarımızın dibində 4-5 metr dərinlikdə katlavan qazılıb. Bu isə evimizin fundamentinə təsir etdiyi üçün döşəmə və divarlarda müxtəlif çatlar yaranıb. İlk olaraq tikilinin yanında kimin evinə çox ziyan dəydisə, həmin ərazi ilə məsafə saxladılar, amma az ziyan dəymiş evlərin yaxınlığında tikinti davam edir. Ərazi üzrə icra hakimiyyətinə müraciət etsək də, binanın sahibinin kim olduğunun bilinmədiyi deyildi. Tikinti 24 saat davam edir və bu, maddi zərərdən başqa həm də rahatlığımızı ciddi mənada pozur. Problemlə əlaqədar bir sıra qurumlarda olsaq da, müsbət cavab ala bilməmişik. Bununla əlaqədar ölkə başçısına da müraciət ünvanladıq".

 

Şikayətçi Aygün Babayeva 14 sot olan ərazinin yalnız 12 sot hissəsində tikintiyə icazə verildiyini qeyd edib. 2 sot ərazinin isə ümumiyyətlə qeyri-rəsmi formada əraziyə birləşdirildiyini vurğulayıb:

 

"Tikintiyə mane olmağa çalışmışıq, lakin üstümüzə maşın sürməkdən belə çəkinməyiblər, bizi təhqir edirlər. Artıq 20 gündür ki, ərazidə böyük tikinti işləri aparılıb, ərizələrimiz isə cavabsız olaraq qalır. Binanın sahibinin kim olduğunu bilmirik, sirr kimi saxlayırlar..."

 

Məsələ ilə bağlı qarşı tərəfin, aidiyyatı qurumların mövqeyini də işıqlandırmağa hazırıq.

 

 

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR