Kirayə ev bazarında qiymətlər niyə “əl yandırır”? – Ekspert səbəblərdən danışdı

Kirayə ev bazarında qiymətlər niyə “əl yandırır”? – Ekspert səbəblərdən danışdı

Hər il avqust ayından etibarən kirayə mənzil bazarında xüsusi canlanma olur. Belə ki, avqust-sentyabr aylarında aylıq kirayə mənzillərə tələbat çoxalır. Bu isə əksər hallarda vətəndaşların istədikləri şərtlərlə (qiymət, uyğun şərait) mənzil tapmamasına gətirib çıxarır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzil bazarında qiymətlərin yüksək olmasının səbəbinin tələbələrin bu mənzillərə tələbatı ilə əlaqəli olduğunu deyib. Ekspert köhnə binaların sökülməsinin də qiymətlərə təsir etdiyini vurğulayıb.

 

“Hər il avqust ayının əvvəlindən sentyabr ayının 15-dək kirayə mənzil bazarına çox ciddi tələbə axını olur. Bu müddətdə isə adətən bazarda ajiotaj yaranır, qiymətlərdə artımlar müşahidə olunur. Bunun da əsas səbəbi qısa vaxt ərzində bölgələrdən minlərlə insanın kirayə ev axtarışına gəlməsidir. Ümumən nəzər yetirsək görərik ki, hər il asta-asta kirayə mənzil bazarında qiymət artımı baş verir. Buna əsas səbəb 2016-cı ildən başlayaraq pilot layihələr çərçivəsində köhnə 3-5 mərtəbəli binaların və fərdi həyət evlərindən ibarət olan yaşayış massivlərinin sökülməsidir. Hər bir köhnəmənzilli yaşayış binasında daimi sakinlərlə bərabər, kirayə yaşayan şəxslər də olur. Artıq bu binalar söküldükdə həmin kirayə seçim imkanları bazara çıxmış olur, bundan əlavə həmin binada mənzil sahibi olanlar da 2-3 il müddətinə kirayə çıxmağa məcbur olurlar. Köhnə binalarda 1 otaqdan ibarət mənzillər təxminən 300, 2 otaqlı 400, 3 otaqlı 500 manat idisə, həmin binalar yeniləndikdən sonra orada mənzillərin kirayə qiyməti iki dəfə artır. Yəni 1 otaqlı mənzillər üçün aylıq qiymət 500, 2 otaqlı mənzillər 600-700, 3 otaqlılar 800-1000 manatdan  başlayır”.

 

Ekspert yaxın 10 ildə kirayə mənzil bazarında qymətlərin aşağı düşməyəcəyini qeyd edib. Mütəxəssis problemdən çıxış yollarından danışıb:

 

“2016-cı ildən bu yana çoxsaylı bina evləri və fərdi yaşayış massivləri sökülüb və proses qəzalı binaların tamamilə yenilənməsinə qədər davam edəcək. Bu isə onu deməyə imkan verir ki, yaxın gələcəkdə, yəni qarşıdakı 10 ildə paytaxt ərazisində ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq. Belə mənzilləri, ancaq sökülməyəcək olan köhnə 9 mərtəbəli binalarda tapmaq ehtimalı ola bilər. Kirayə bazarında daha çox tələbələr olduğu üçün yaxşı olardı ki, tələbə yataqxanaları tikilib istifadəyə verilsin. İndiyədək bu yataqxanalarda məcburi köçkünlər yaşayırdı. Amma daha məcburi köçkünlərə dövlət tərəfindən böyük şəhərciklər tikilib, onlar oraya köçürülüb və beləliklə yataqxanalar boşaldılıb. Eyni zamanda 2020-ci ildən bu yana işğaldan azad olunmuş ərazilərimizə tikinti-bərpa işləri gedir, məcburi köçkünlərimiz mərhələli şəkildə həmin ərazilərə köçürülür. Bu da kirayə bazarına müəyyən dərəcədə təsir göstərə bilər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR