Hansı hallarda şəxs dövlət hesabına vəkillə təmin olunacaq? - Prezident TƏSDİQLƏDİ

Hansı hallarda şəxs dövlət hesabına vəkillə təmin olunacaq? - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin əhatə dairəsi müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Məcəlləyə edilmiş dəyişikliklə "Vəkilin prosesdə dövlət hesabına iştirakı" adlı yeni 67-1-ci maddə əlavə edilib.

 

Yeni maddəyə əsasən, Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.

 

Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.

 

Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.

 

Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

 

1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

 

2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

 

3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;

 

4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

 

5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

 

6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

 

Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

 

Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...