Putinin “o torpaqlar Stalinin Polşaya hədiyyəsidir” sözləri MÜHARİBƏ ANONSUDUR?

“Rusiyanın Polşaya qarşı hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursları yoxdur”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Rusiya Prezidentinin sonuncu çıxışını dəyərləndirərkən deyib. O, Putinin Polşaya qarşı ərazi iddiaları irəli sürməsini həmin ölkəyə qarşı hərbi təcavüz planı ilə əlaqələndirib:
“O, bunu Belarus vasitəsilə reallaşdıra bilər. Amma Polşa NATO üzvüdür, bu ölkəyə qarşı hərbi əməliyyatların keçirilməsi birbaşa alyansın müharibəyə qoşulması deməkdir. Buna baxmayaraq, Rusiyanın bunu "Vaqner" vasitəsilə həyata keçirməsi mümkündür. Çünki “Vaqner” muzdlu hərbi birləşməsi rəsmi deyil və Polşaya qarşı hərbi əməliyyatlara başlaya bilər”.
Ekspert bildirib ki, Putinin Polşaya qarşı aqressiyası Ukraynaya hərbi dəstəyin verilməsi və Şərqi Avropada Varşavanın artan siyasi çəkisindən irəli gəlir: “Şərqi Avropa yeni bir müharibənin astanasındadır. Putinin Polşaya hərbi müdaxiləsi isə öz hakimiyyətinin sonu ola bilər”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən günlərdə Polşanın qərb torpaqlarını “Stalinin polyaklara hədiyyəsi” adlandırıb.
“Polşa NATO-nun nəzdində koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir. Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Biz bunu onlara xatırladacağıq. Polşa Sovet İttifaqı və Stalinin yanaşması sayəsində Qərbdə mühüm torpaqlar aldı", - deyə Putin bildirib.
Türkan