Hicab taxmayan aktrisaya CƏZA: 2 il həbs...

İranın tanınmış aktrisası Əfsan Bayeqan hicab taxmadığına görə 2 il həbs və hər həftə psixoloqun qəbuluna getməyə məhkum edilib.
Sfera.az xəbər verir ki, bu barədə aktrisanın vəkilinə istinadən Fars agentliyi məlumat yayıb.
“Antisosial şəxsiyyət pozğunluğunun müalicəsi üçün həftəlik rəsmi psixoloji məsləhət mərkəzlərinə səfərlər, iki il müddətinə ölkədən çıxış qadağası, iki il müddətinə internetdən istifadəyə qadağa qoyulur”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl İran mediası aktrisa Azadə Səmədiyə hicab taxmadığına görə hökm oxunması ilə bağlı xəbər yayıb. Ona altı ay müddətinə mobil telefondan və internetdən istifadəyə qadağa qoyulub.
Ötən həftənin bazar günü İranın hüquq-mühafizə komandanlığının sözçüsü general Səid Montazer-ol-Mehdi qadınların hicablı olmasını təmin etmək üçün piyada və avtomobil patrullarının nəzarətə başladığını elan edib.
İranda hicab taxmaq qanunvericilik səviyyəsində məcburidir. Belə ki, “İslami cinayət cəzaları haqqında” qanunun 638-ci maddəsinin qeydində ictimai yerdə hicabsız görünməyə görə 10 gündən iki ayadək müddətə azadlıqdan məhrum etmə və ya cərimə cəzası nəzərdə tutulur.
Əzizə