Qazlı içkilərin hansı ziyanları var? - Ekspertdən AÇIQLAMA 

Qazlı içkilərin hansı ziyanları var? - Ekspertdən AÇIQLAMA 

Yay fəslində qazlı içkilərə maraq artır. Əksəriyyət üçün onlar sərinləşdirici vasitə sayılsa da, bəziləri üçün isə qazlı içkilər fəsil fərqi olmadan əsas içki növü hesab olunur.

 

Maraqlıdır, gündəlik olaraq qazlı içkilərin qəbulu nə dərəcədə doğrudur? Bu içkilərlə bağlı hansı normanı aşmaq olmaz?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qazlı içkilərin mütxtəlif xəstəliklərə yol açdığını deyib. Müsahibimiz bildirib ki, bu içkilər iki yaş qrupu üçün xüsusilə risklidir:

 

“Qazlı, rəngli içkilər süfrəmizin bəzəyinə çevrilsə də, onlar hər yaş qrupundan olan insanlara zərərlidir. İnsanlar adətən bu suları orqanizmin qəbul etməli olduğu suyun əvəzinə istehlak etməyə başlayıb ki, bu da demək olar ki, insan orqanizminə böyük zərər verir və asılılığa səbəb olur. Xüsusilə də həmin içkilərin tərkibində olan sintetik maddələr asılılıq yaratmaqla yanaşı, ağızda ənənəvi dad reseptorlarını korlayır. Belə olan halda həzz duyğusu dəyişir. Bu içkiləri qəbul edən uşaqlar və yaşlılar daha çox risk altındadır. Bu içkilər uşaqların inkişafına təsir göstərir, yaşlılarda isə xroniki xəstəliklərin daha da inkişaf etməsinə səbəb olur. Dadlandırıcılar sümüklərin möhkəmlənməsinin qarşısını alır və sümüklərdə deformasiyalar baş verir. Tərkibində yüksək şəkər olduğu üçün qazlı içkilər orqanizmdə insulin səviyyəsinin pozulmasına gətirib çıxarır ki, bu da diabet xəstəliyinin yaranması ilə nəticələnir. Ürək-damar xəstəlikləri riskinin artması, hipertoniya, erkən yaşlanma, xolestrol səviyyəsinin artması kimi də şikayətlərlə qarşılaşırıq”.

 

Ekspert pəhriz adı altında satılan qazlı içkilərin sağlamlığa daha zərərli olduğunu da qeyd edib. Mütəxəssisin sözlərinə görə, bu içkilər doğuş qüsularının yaranmasınadək gətirib çıxarır:

 

“Digər bir məqam isə həmin içkilərin bəzilərinin pəhriz adı altında biznes maraqları çərçivəsində satılmasıdır. Bu içkilərdə isə aspartan adlı kimyəvi maddədən istifadə olunur. Bu maddə isə az kalorili olsa da, şəkərdən 10 qat daha çox, başqa içki ilə qarışdırıldıqda isə 160-180 dəfə daha çox şirinliyə malik olur. Bu içkidən istifadə edildikdə orqanizmdə ən təhlükəli xəstəlik olan xərçəng xəstəliyi yaranır. Digər bir məqam isə aspartanın həzm olunmadığı üçün damarlarda yığılıb qalması, qaraciyərdən atılmadığı üçün müəyyən vaxtdan sonra qaraciyər xəstəliklərinə, böyrək çatışmazlığına gətirib çıxarmasıdır.

 

Aspartan tərkibli qida və içkilərdən istifadə edən gənclərin dünyaya gətirdiyi uşaqlarda isə doğuş qüsurları, epilepsiya kimi xəstəliklər yaranır. Digər bir məqam isə qazlı içkilərin tərkibində olan kofeinin yuxusuzluq, əsəbilik yaratması, depresiya formalaşdırmasıdır. Ümumiyyətlə qazlı içkilərin heç bir qida dəyəri yoxdur və kalori gətirən məhsullardır. Güclü turşu tərkibinə görə də sümüklərin boşalmasına və oynaqların ağrımasına gətirib çıxarır. Qəbul etdiyimiz hər 1 stəkan qazlı suya görə ən azından 2 stəkan adi su içmək lazımdır ki, zərərləri özünü çox da göstərməsin”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR