Dollar 27 lirəyə yüksəldi

Bu gün Türkiyə lirəsinin məzənnəsində növbəti kəskin uzuclaşma qeydə alınıb.
Sfera.az xəbər verir ki, dünən 26,34 lirə olan bir dollar bu gün 27 lirəyə qədər yüksəlib.
Günlük sıçrayışın güclü olması cari əməliyyat kəsirində yeni rekordun qeydə alınması ilə bağlıdr. Kəsirin böyüməsi dollara tələbi artırır ki, bu da lirənin ucuzlaşmasına səbəb olur.
Lirənin ucuzlaşması ölkədə inflyasiya səviyyəsinə artırıcı təsir edir. Proqnozlara əsasən, seçkidən sonra dolların 19 lirədən 26 lirəyə qədər bahalaşması, eyni zamanda vergilərin artırılması inflyasiya səviyyəsində növbəti artımlar ilə nəticələnəcək.
Belə vəziyyətdə mərkəzi banklar uçot dərəcəsini inflyasiya səviyyəsinə uyğun olaraq artırmalıdır. Amma Türkiyədə bu prinsipə əməl edilmir. Hazırda illik 38-40 faiz inflyasiya olduğu halda uçot dərəcəsi 15 faizdir. Birjalar Türkiyə Mərkəzi Bankından uçot dərəcəsini daha çox artırmasını istəyir.
Bu həftənin cümə günü Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenidən artıracaq. Əgər bu dəfə də faizlər lazım olandan az artırılarsa, lirə bir qədər də ucuzlaşacaq. Gözlənilir ki, bu dəfə uçot dərəcəsi 15 faizdən 20 faizə qaldırılacaq. Birjalar bu artımı məqbul hesab etmədiyindən lirənin ucuzlaşması yönündə təzyiqlər artır.
Vasif