Dövlət büdcəsinin neft gəlirlərindən aldığı pay azalır – SƏBƏB

Dövlət büdcəsinin neft gəlirlərindən aldığı pay azalır – SƏBƏB

Son iki ildə iqtisadiyyatda müşahidə edilən müsbət meyillərin hesabına, həmçinin yüksək inflyasiyanın köməkliyi ilə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektorunun payı azalıb. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında büdcə gəlirlərində qeyri neft-qaz sektorunun payı 57 faizə yüksəlib. 
2022-ci ilin birinci yarısında qeyri neft-qaz sektorunun büdcə daxilolmalarında payı 52,5 faiz, 2021-ci ildə 50,1 faiz olmuşdu. 


Qeyri neft-qaz sektorunun büdcə gəlirlərində payının artması bir tərəfdən bu sahələr üzrə vergi, rüsum və başqa gəlirlərin artması ilə bağlıdırsa, digər tərəfdən isə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (Neft Fondu) transfertlərin məbləğinin kəskin azalması ilə bağlıdır. 


2023-cü ilin birinci yarısında büdcənin qeyri neft-qaz sektoru üzrə vergi gəlirləri 19 faizə yaxın, idxal gömrük vergi və rüsumları üzrə 21,1 faiz artıb. Vergilərdə və rüsumlardakı artımın belə yüksək olmasına inflyasiya amili, eyni zamanda idxalın həcminin artması güclü təsir göstərib. Bu il ölkə daxilində illik inflyasiya 13 faiz, idxal inflyasiyası 20 faiz səviyyəsində olub. 


Sadalanan amillərlə yanaşı, iqtisadiyyatın şəffaflaşması və iqtisadi böyümə də vergi gəlirlərinə müsbət təsir edib. 


2023-cü ildə Neft Fondundan transfertlər kəskin şəkildə azaldılıb. 2022-ci ildən müşahidə edilən azalma dinamikası bu il daha böyük fərqlə müşahidə edilir. 
2022-ci ilin birinci yarısında büdcəyə Neft Fondundan 6,36 milyard manatın köçürülməsi nəzərdə tutulduğu halda faktiki transfert məbləği 4,65 milyard manat olub. Yəni, icra proqnozla müqayisədə 27 faiz azaldılıb. 


2023-cü ilin birinci yarısında isə icra ilə proqnoz arasındakı fərq bir qədər də artıb. 


Bu ilin birinci yarısında dövlət büdcəsinə 5,64 milyard manatın köçürülməsi proqnozlaşdırıldığı halda faktiki köçürülən məbləğ 2,66 milyard manat təşkil edib. Yəni, faktiki köçürülən məbləğ nəzərdə tutulandan 2,12 dəfə az olub. 


Bunun nəticəsində büdcə gəlirlərində Neft Fondundan transfertin payı 17,2 faizə geriləyib. 


Böyük ehtimalla ilin ikinci yarısında Neft Fondundan transfert edilən məbləğ artırılacaq. Çünki büdcə xərcləri 36,6 milyard manata çatmalıdır. 


İlin birinci yarısında 14,06 milyard manatın xərcləndiyini nəzərə alsaq, ikinci yarısında 22,5 milyard manat xərclənməlidir. Qənaət tədbirləri ilə bu xərcləri bir qədər, məsələn 21 milyard manata qədər azaltmaq olar. Amma daha çox azaltmaq mümkün olmadığından həmin xərclərin maliyyələşdirilməsi üçün gəlirlər təmin edilməlidir. Həmin gəlirlər birinci yarımildəki gəlirlərdən 7 milyard manat çox olmalıdır. Lazım olan əlavə gəlirin bir hissəsini maliyyələşdirmək üçün Neft Fondundan birinci yarımillə müqayisədə daha böyük məbləğdə vəsait büdcəyə köçürülməlidir. 


2023-cü ilin büdcə sənədinə əsasən Neft Fondundan transfertin yuxarı həddi 11,737 milyard manat müəyyən edilib. Bunun 2,66 milyard manatı artıq transfert edilib, daha 9,07 milyard manat trasfert imkanı var. Dövlət büdcəsinin ilin ikinci yarısında aid olan xərclərinin maliyyələşdirilməsi üçün maksimum 7-8 milyard manat lazım olduğunu nəzərə alsaq, aydın olur ki, 2023-cü ildə də Neft Fondundan trasfertin məbləği az olacaq və bu amilin də təsiri ilə büdcə gəlirlərində neft-qaz sektorunun payı azalacaq. 


Bu il Neft Fondundan transfertin məbləğinin daha çox azaldılması mümkündür. Belə ki, 2022-ci ildə transfert məbləği 7,923 milyard manat olmuşdu. Bu ilin ikinci yarısında maksimum 5 milyard manat trasfert edilərsə, o halda, Neft Fondundan transfertin həcmi ardıcıl üçüncü il azalmış olacaq. 
Müqayisə üçün bildirək ki, 2020-ci ildə transfertin məbləği 12,2 milyard manata yüksəldikdən sonra 2021-ci ildə 11,35 milyard manata, 2022-ci ildə 7,923 milyard manata geriləyib. 


Transfert məbləğinin azalmasına Azərbaycanda dollara tələbin zəifləməsi də təsir edir. Ölkəmizdə dollara tələb zəif olduqda və büdcənin vergi, rüsum kimi gəlirləri artdıqda transfertin məbləği azaldılır. Amma vergi, rüsumların artması ilə paralel olaraq dollara tələb də artarsa, o halda transfert məbləği də yüksək olur. Çünki ölkəmizin dollara olan tələbinin böyük hissəsi məhz Neft Fondunun hesabına təmin edilir. 


İlin ilk yarısının nəticələri göstərir ki, Azərbaycanda dollara tələb 2022-ci ildəki kimi aşağı olacaq. Buna görə də daha böyük transfertə ehtiyac qalmayacaq və nəticədə dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektorunun payı bir qədər də yüksələcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR