İlham Əliyev Fuad Oqtayı qəbul etdi

İlham Əliyev Fuad Oqtayı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Sfera.az xəbər verir ki, Fuad Oqtay qəbula görə təşəkkürün bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

 

Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini dedi. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğuladı. Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə etdi.

 

İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirdi.

 

O, eyni zamanda, Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırdı.

 

Fuat Oktay, həmçinin ölkələrimiz arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd etdi.

 

Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinin önəmini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğuladı.

 

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu bildirdi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

 

Dövlətimizin başçısı, öz növbəsində, Ermənistandakı Nemesis abidəsinin qoyulmasının qəbuledilməz hal olduğunu bir daha qeyd etdi.

 

Görüşdə, həmçinin Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olundu.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...