“Xankəndiyə girəcəyiksə, bunu Rusiya ilə birlikdə etməliyik” – Deputat mühüm məqamları açdı 

“Xankəndiyə girəcəyiksə, bunu Rusiya ilə birlikdə etməliyik” – Deputat mühüm məqamları açdı 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsininin ikinci hissəsini təqdim edirik:

 

– Bəs İrandakı səfirliyimizə edilən hücum… Bunu unudaq?

 

– Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum, səfirlik əməkdaşlarına və Fazil Mustafaya qarşı törədilən terror aktları, işğalçı Ermənistanı müdafiə etməsi, Azərbaycanı “sərhədləri dəyişmək” istəməsinə və digər məsələlərə görə şərləmək cəhdi İranın bizə qarşı yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir. Farsist ekstremist qruplar dövlətin siyasətini görür və ona uyğun davranır.

 

İran Azərbaycana qarşı münasibəti dəyişmədiyi təqdirdə verilən heç bir bəyanatın mənası yoxdur.

 

İran Azərbaycanı düşmən ölkə olaraq görməməli, İsrail ilə münasibətlərimizə qarışmamalıdır. Ümumiyyətlə, Tehranın İsrailə bağlı narahatlığı da anlaşılmazdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən başqa ölkəyə qarşı istifadəyə icazə verməyəcək. Amma rəsmi Tehran bunu qiymətləndirmir, çünki ona Azərbaycanla düşmənçilik lazımdır. 20 faiz torpağımız 30 ilə yaxın erməni işğalında qaldı. Faktiki olaraq İran-Azərbaycan sərhədi də bu müddət ərzində pozuldu. Tehran Ermənistanla birlikdə işğal edilən ərazilərimizdəki tikililəri söküb tikinti materialları kimi İrana daşıdı. Bunu nəinki Azərbaycanda, dünyada bilməyən yoxdur. Azərbaycan Cənubi Azərbaycana münasibətini dəyişməlidir. Mən parlamentdə dəfələrlə hökumətə müraciət etmişəm ki, heç olmasa hər il 1000 nəfər Cənubi azərbaycanlının ölkəmizə gəlib dövlət hesabına təhsil almasına şərait yaradılsın.

 

Müstəqilliyin ilk illərindən biz bunu etsəydik, bu gün 30 min Güney azərbaycanlı fəal ziyalı yetişdirə bilərdik. Amma biz bundan çəkinmişik. Bu da azmış kimi cənubdan gələn fəalların bir qisminin burada qalmasına şərait belə yaratmamışıq.

– Sizə də elə gəlmirmi ki o dövrün şərtləri qarşısında Azərbaycan hökuməti belə addım atmağa məcbur idi?

 

– İran bütün bunları heç vaxt qiymətləndirməyib. Ona görə heç olmasa bundan sonra Azərbaycan fərqli addımlar atmalıdır. Dəfələrlə parlamentdə İranla viza rejiminin ləğv edilməsi məsələsini gündəmə gətirmişəm. Viza rejimi aradan qalxmalıdır ki, güneyli soydaşlarımız rahat şəkildə Azərbaycana gəlib-gedə bilsin. Arqument kimi deyirlər ki, bu halda İrandan təxribatçılar ölkəmizə gələ bilər. Sual yaranır, təxribatçı qruplar hazırkı reallıqda gələ bilmir?

 

Məsələ təxribatçıların gəlməsidirsə və dövlət bundan ehtiyat edirsə, qeyd edim ki, bu risk bütün hallarda var. Viza tətbiqi bunun qarşısını almır.

 

Rəhmətlik Əbülfəz Elçibəyin gözəl bir sözü vardı. O deyirdi, “Bütöv Azərbaycan olmaq üçün ilk öncə bir millət olmalı, özümüzü bir millət kimi hiss etməliyik”. Bu gün bizim şimallı, cənublu mənəvi, mədəni birliyimiz tam təmin edilməlidir. Milli birlik ilk növbədə məişətdən başlayır.

 

Hazırda Azərbaycan toylarına yaxın-uzaq xarici ölkələrdən məşhur müğənnilər dəvət edilir. Əsasən də Türkiyədən. Tutaq ki, imkanlı azərbaycanlı övladına toy edərkən Ebru Gündeşlə paralel olaraq Təbrizdən də müğənni dəvət etsə, bu, daha da yaxınlaşmağımıza gətirib çıxarar. Bunu da dövlət edəsi deyil ki. Amma mədəniyyət xadimlərimizin qarşılıqlı səfərlərini Mədəniyyət Nazirliyi təşkil edə bilər.

 

– Qüdrət bəy, yanvar ayında saytımıza verdiyiniz müsahibədə qeyd etmişdiniz ki, Azərbaycan qələbəni tam təmin etməsi üçün Xankəndidə öz bayrağını qaldırmalıdır. Mövcud reallıqlar fonunda rəsmi Bakı bunu necə edə bilər? Beynəlxalq hüquqa görə, dinc yolla, yoxsa hərbi varianta əl ataraq?

 

– Beynəlxalq hüquqa görə Azərbaycan Xankəndidə dövlət suverenliyini bərpa etməli və öz bayrağını dalğalandırmalıdır. Amma beynəlxalq hüququ qoruyacaq mexanizmlər yoxdur. Dövlətlər öz müttəfiqləri ilə birlikdə ərazi bütövlüyünü qorumaq məcburiyyətindədir. Hazırda Xankəndi və ətraf ərazilərdə Ermənistanın 10-15 min nəfərlik işğalçı ordusu qalır. Bu hərbçilər tərki-silah edilməyib. Bundan başqa, 2025-ci ilə qədər biz Rusiya sülhməramlılarının bu ərazidə qalması üçün öhdəlik götürmüşük. 2025-ci ilə qədər Xankəndinə girəcəyiksə, bu, ya Rusiya ilə razılaşdırılmış şəkildə olmalıdır, ya da regionda böyük geosiyasi dəyişikliklər baş verməlidir. Vəziyyət indiki kimi qalarsa və Rusiya 2025-ci ildə nələrisə bəhanə edib 10 noyabr üçtərəfli Birgə Bəyanata zidd olaraq Qarabağda qalmaq istəsə, o zaman güc tətbiq edib torpaqlarımızı işğaldan azad etməliyik.

 

– Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə əməliyyatlar keçirib bəzi strateji məntəqələri ələ keçirdi. Rusiya bu zaman niyə səssiz qaldı?

 

– Mən həmişə deyirəm. İlham Əliyev nə etdiyini bilir. Böyük güclər ilə razılıq əldə etmədən, müzakirə aparmadan günün birində hərbi əməliyyatlara başlamaq mümkün deyil. Bunu qəbul etmək lazımdır.

 

Rusiya ilə də, digər dövlətlərlə də diplomatik iş aparılır. Müharibə siyasətin davamıdır. Böyük güclər ilə danışmamaq təəccüblü olardı.

 

– O zaman deyə bilərikmi ki, Azərbaycan böyük güclər ilə danışaraq Xankəndidə əməliyyatlara başlaya bilər?

 

– Çox təəssüf ki, belə olacağı qaçılmazdır. Xankəndini azad etmədən Ermənistanla sülh sazişi imzalamaq imkansız görünür. Erməni faşistləri bizə güc tətbiq etməkdən başqa yol qoymur. İnsan həyatı çox dəyərlidir. Biz 44 günlük müharibə zamanı Xankəndi ətrafında səbəbsiz yerə dayanmadıq. Böyük dövlətlərin işə qarışmaması, insan həyatını qorumaq üçün buna getdik. Dayanmaqla Azərbaycan uduzmadı. Qərəz bunu inkar edən bəzi insanları sağlam düşünmə imkanından məhrum edib. Ancaq sadə insanlar bilməlidir ki, biz böyük tarixi uğura imza atmışıq. Bu gün ölkəmizdə qanunun aliliyi, insan haqları, sosial və digər sahələrdə həllini gözləyən problemlər var. Lakin bütün bu çatışmazlıqlara baxmayaraq Azərbaycan öz tarixinin ən parlaq dönəmini yaşayır.

 

 


OXŞAR XƏBƏRLƏR