Prezident İlham Əliyev: "Azərbaycanda yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur"
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Dövətimizin başçısı qeyd edib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: "Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz tərəfindən sərmayələr yatırılıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz, eyni zamanda, xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzərə alsaq, biz böyük məmnuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik".
Prezident bildirib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: "Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanda çox münbit sərmayə mühiti var: "Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq. Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik".
Dövlət başçısı əlavə edib ki, ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var: "Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danışıram. Həmin dəhliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Çindən Avropaya uzanır. Ümidvaram ki, biz bir neçə aydan sonra həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik".
Azərbaycan Prezidenti əlavə edib: "Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən Prezident olaraq ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim. Amma bir daha qeyd edirəm ki, bu, qarşılıqlı maraq və qarşılıqlı fəaliyyət üzərində qurulan bir prosesdir. Bir daha qeyd etmək istərdim ki, sərmayələr, şirkətlər bizim iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Əminəm ki, bizim biznes dairələrinin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək".