Dekabrda dolların bahalaşacağı dəqiqləşir
ABŞ Mərkəzi Bankının (FED) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans faizləri artırmaq üçün inflyasiyanın irəliləyişinin əsas götürülməli olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, Evans Çikaqoda çıxışında FED-in inflyasiya hədəfinə çatmaq üçün faizləri aşağı saxlamaq məcburiyyətində qalacağına işarə edib: "FED davamlı qiymət sabitliyinə (2%-lik inflyasiyaya) gecikmədən çatmaq üçün əzmkarlıq göstərməlidir”.
O bildirib ki, faiz artımları inflyasiyanın yüksəlməsinə görə nizamlanmalıdır. Evans eyni zamanda qısamüddətli iqtisadi mənzərənin nisbətən yaxşı olduğunu da dilə gətirib.
FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard faizlərə dair açıqlamasında "Hələlik bir dəfə faiz artımına ehtiyac var”, - deyə bildirib. Bullard qarşıdakı 2-3 ildə faiz nisbətlərinin aşağı qalacağını deyib. ABŞ xəzinə istiqraz vərəqələrinin faizlərinin çox aşağı olduğunu və yaxın zamanda qalxacağını düşünmədiyini bildirən Bullard inflyasiyanın 2% səviyyəsinə çatacağını qeyd edib.
Bullard faiz artımının zamanla əlaqədar olmasına dair açıqlama verməyib. Müddətli müqavilələr bu il faiz artımı ehtimalını 71% göstərir.
Sfera.az