Azərbaycanda yoxsulların sayı AÇIQLANDI
2022-ci ilin yekunlarına əsasən Azərbaycan əhalisinin 5,5 faizi, yəni təxminən 558 min nəfəri yoxsul olub.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yoxsulluq səviyyəsi 2021-ci ildə 5,9 faiz (597 min), 2020-ci ildə 6,2 faiz (624 min), 2005-ci ildə 29,3 faiz (2,636 milyon) idi.
Son 3 ildə ölkəmizdə yoxsulluq səviyyəsinin aşağı düşməsi müşahidə edilib.
Yoxsulluq həddi isə ötən il 230 manata yüksəlib. Bu məbləğ 2021-ci ildə 205 manat, 2005-ci ildə 42,6 manat olmuşdu.
Qeyd edək ki, yoxsulluq səviyyəsi yaşayış minimumunun dəyəri əsasında hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali hesab edilir.
2022-ci il üçün yaşayış minimumu 210 manat proqnozlaşdırılmışdı. Amma ilin yekunları göstərir ki, faktiki yaşayış minimumu bundan 20 manat, yəni 9,5 faiz yüksək olub. Ötən il yaşayış minimumunun daha yüksək olması inflyasiya səviyyəsinin proqnoz həddən xeyli yüksək olması ilə əlaqəlidir.
2023-cü il üçün yaşayış minimumu 246 manatdır. Cari ildə də yüksək inflyasiyanın olması səbəbindən böyük ehtimalla yoxsulluq həddi proqnozlaşdırılandan yüksək olacaq.
Vasif