Xalqın mahiyyəti nədirsə, polisi də odur - Mərd və qəhrəman Azərbaycan polisi 105 yaşında

Başqa birinin gücünü tanımaq və qəbul etmək sənin gücünü azaltmaz.
Bütün cinayətləri tətikləyən səbəb- cəzasızlıqdır.
Ulu öndər, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.365 gün fasiləsiz olaraq ölkə mühafizəsinin onurğa sütunu rolunu oynayan Azərbaycan polisi yalnız ildə bir dəfə deyil, hər gün təşəkkürə layiqdir.
Əvvəldəki iki cümlə yazımın əsas qayəsini təşkil edir. Əvvəlcə dünya mediasının gündəmini zəbt edən fransız polisinə diqqət çəkmək istəyirəm. Dünyaya, yeri gələndə Azərbaycana da demokratiya nağılları danışmağa cəhd edən Fransa polisi 17 yaşlı gəncə qıydı. Bu, insanlıq cinayəti, polis adına, demokratiya adına qara ləkədir.
Fransada polis rəzilliyi yaşanarkən, Azərbaycan polisi dünyaya örnək ola biləcək nəzakət və nəvazişlə xalqa xidmət edir. Azərbaycan polisinin məqsədi, amalı həmişə xalqa xidmət, dövlətə sədaqət olub. Biz vətəndaş olaraq birmənalı şəkildə qəbul etməliyik ki, polis nə qədər güclü olarsa, dövlətimiz də o qədər güclü olacaq. Dövlətin gücü dolayısıyla polisinin möhkəm köklərlə bu torpağa bağlılığından keçir. Bizə xidmət edənlərin gücü bizi də güclü edər.
Xalq-polis münasibəti
Sosial şəbəkələrdə, xəbər saytlarında polis və vətəndaşın doğma münasibəti, fövqəladə hallarda özünü odun-alovun qarşısına atan polis şəkillərinin səmimiyyətini bütün dünya görməlidir. Hər xalqın mahiyyəti nədirsə, polisi də odur. Azərbaycan polisi mərdliyini, təmənnasızlığını xalqının xarakterindən alır.
Dahi izi
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi təyin olunana qədər respublikanın bütün digər sahələrində olduğu kimi, hüquq-mühafizə orqanları sistemində və eləcə də beynəlxalq təcrübəyə, həm də dünya standartlarına cavab verən hüquqşünasların hazırlanması istiqamətində nəinki heç bir əməli addım atılmamış, bu barədə heç düşünülməmişdi. Bugünkü polis üçün biz dahi liderə borcluyuq.
Polis- həyatımızın qarantı
Biz, evimizdə ürək rahatlığı ilə yaşayırıqsa, övladlarımız küçədə arxayın gəzə bilirsə, polisin əvəzsiz xidmətidir. Bunu heç olmasa, ildə bir dəfə- polis günündə etiraf etmək bizdən heç nə əskiltmir.
Cəmiyyətə hər şeydən əvvəl hüququn və qanunun keşiyində duran insanlar lazımdır .Qanunun işləmədiyi cəmiyyətlərin gələcəyi puçdur.
Azərbaycan polisi bu gün dövlətin, xalqın, qanunun keşiyində əsgər dönməzliyi ilə dayanırsa, arxasında sarsılmaz idarəçinin, sərkərdənin olduğunu bilir. Ali Baş Komandanın rəhbərliyi ilə cənab nazir polisin fəaliyyətini dünya standartlarının üstündə səviyyəyə gətirib. Əminliklə deyə bilərik ki, Azərbaycan polisi hazırda cinayətkarlıqla mübarizədə, xalqla təmasda nümunədir.
Azərbaycan polisi Vətən yolunda
Həm l Qarabağ, həm də Vətən müharibəmizdə Azərbaycan polisi canını əsirgəməyib. Şəhid və qazi polislərimizin haqqı hər bir azərbaycanlı üçün danılmazdır.
Elm adamları gələcəyimizin intellektual təminatçısı olduğu kimi, polis də sabitliyin təminatçısıdır. Odur ki, polis cəmiyyətin elitası kimi qiymətləndirilməli, onların maddi təminatı dövlət tərəfidən yüksək səviyyədə qarşılanmalıdır. Sutkanın böyük bir hissəsini qanun naminə mübarizəyə sərf edən insanın fikri maddi çətinlikləri çözməyin yanında olmamalıdır.
Yazının girişindəki ikinci cümləyə gəldikdə isə polisin səlahiyyətləri cinayət-axtarış sahəsində artırılmalıdır. Bunu belə izah etmək olar ki, çeviklik, professionallıq həm istintaq orqanlarının işini asanlaşdırar, həm də daha sürətli nəticə əldə olunar.
Polis orqanları əməkdaşlarının fəaliyyəti gün keçdikcə gənc Azərbaycan dövlətinin vətəndaşları üçün daha böyük dəyərə çevrilir. Xalq artıq bilir ki, polis vətəndaş üçün çalışır.
Başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirəm. Onlara çətin, məsuliyyətli işlərində səbir, dözüm arzu edirəm. Hüquq zəhmətkeşlərini müstəqil Azərbaycanın müstəqil polisi, milli polisi olmaqları münasibətilə xüsusi təbrik edirəm.
Cənab nazir!
Qoy Azərbaycan cəmiyyəti o qədər əmin-aman, qanunsevər bir cəmiyyətə çevrilsin ki, polislərimiz üçün peşə fəaliyyəti zövqə çevrilsin. Sizin dəstəyiniz ilə cəmiyyət ideal qanunsevər olsun. Qanun keşikçisi olmaq istəyən, Sizdən ilhamlanan gənclər hər gün daha çox olsun.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü,
Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı