Dövlət qulluğuna qəbul üzrə sistemdə yeniliklər edilib

Dövlət qulluğuna qəbul üzrə sistemdə yeniliklər edilib

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Mərkəzdən APA-ya verilən xəbərə görə, iclasda Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatına alınması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) ləğv olunması ilə bağlı ləğv komissiyasının yaradılması, monitorinq imtahanlarının nəticələri və buraxılış imtahanlarının məzmununun layihələndirilməsi, "Dövlət Qulluğu haqqında" qanuna edilmiş son dəyişikliklərlə bağlı dövlət qulluğuna qəbul üzrə sistemdə nəzərdə tutulan yeniliklər ilə bağlı məlumatın dinlənilməsi məsələləri müzakirə olunub.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, oktyabrın 19-da DİM dövlət qeydiyyatına alınıb. Növbəti mərhələdə TQDK və DQMK-nın ləğv olunması və müvafiq prosedurların həyata keçirilməsi məqsədilə ləğv komissiyası yaradılmalıdır. Direktorlar Şurasının iki üzvü (sədrin müavinlərindən əlavə) Kamil Aydazadə və Fariz İsmayılzadə ləğv komissiyasının fəaliyyətində iştirak etmələrinə razılıq bildiriblr. 

Sədr şura üzvlərinin nəzərinə çatdırıb ki, 2017-ci ildə ümumi təhsil səviyyəsi (9-illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair ölkənin bölgə mərkəzlərində seminarlar keçiriləcək, ilk seminar sədrin iştirakı ilə Gəncə şəhərində oktyabrın 22-də baş tutacaq. 

Monitorinq imtahanlarına dair qısa xülasə verən M.Abbaszadə göstərib ki, cari il məzun olacaq 113 min şagirddən 62 mini monitorinq imtahanlarında iştirak edib. Bu imtahanların əsas məqsədi şagirdlərin tədris proqramının mənimsəmə səviyyəsindən asılı olaraq buraxılış və qəbul imtahanlarının elmi-metodoloji cəhətdən layihələndirməsindən ibarətdir. Eləcə də bu təhlilin nəticələrini tədris prosesinin qurulmasında da istifadə etmək zəruri olardı, belə ki, hər hansı mövzu üzrə əksəriyyət zəif nəticə göstərirsə, yeni mövzuya keçməmişdən əvvəl həmin mövzu təkrar keçilməlidir. Bundan başqa, sədr monitorinq imtahanlarının nəticələrinin yoxlanılması prinsipi barədə də məlumat verib. 

Növbəti məsələyə dair DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbul üzrə sistemdə nəzərdə tutulan yeniliklərə dair məlumat verib. Qeyd olunub ki, bu yeniliklər "Dövlət Qulluğu haqqında" qanuna edilmiş son dəyişikliklərin əsasında hazırlanıb. Dövlət qulluğu vəzifələri üzrə test imtahanının məzmunu, sertifikat növləri, onlar üzrə keçid balları, müsahibə qaydaları və digər nəzərdə tutulan yeniliklər müzakirə edilib və onlarla bağlı şura üzvləri arasında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR